İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunmuş konfrans keçirildi

Dekabrın 2-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Dünya irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” mövzusunda konfrans keçirildi. Konfrans İçərişəhərin Şirvanşahlar Sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunmuşdu.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən UNESCO ilə əməkdaşlıq edir. Ölkəmiz bu təşkilatla birlikdə bir sıra layihələr həyata keçirib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1977-ci ildə tarix-memarlıq qoruğu statusu verilən İçərişəhər 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Samir Nuriyev qeyd etdi ki, 2003-cü ildə İçərişəhər UNESCO-nun təhlükə altında olan obyektlər sırasına daxil edilib. Sonradan burada aparılan zəruri bərpa layihələrinin başlanması və abidələrin dağıdılmasının qarşısının alınması nəzərə alınaraq 2009-cu ildə həmin siyahıdan çıxarılıb.
2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı altında İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi, bərpası, burada konservasiya və restavrasiya işlərinin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi və beynəlxalq səviyyədə təbliği sahəsində mühüm işlər görülüb.
Təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, ölkəmizin UNESCO ilə əməkdaşlığı abidələrin və tarixi yerlərin mühafizəsi, bərpası və tədqiqi sahəsində zəngin dünya təcrübəsinin öyrənilməsi üçün önümüzdə geniş imkanlar açır. Son illər İçərişəhər ərazisində yüksək peşəkarlıqla və tarixi memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya və restavrasiya işləri tariximizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından böyük addımdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınması, ümumbəşəri dəyər kimi qəbul olunaraq yüksək qiymətləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, ölkəmizin qədim tarixi abidələri və məkanlarının, müxtəlif mədəniyyət nümunələrinin, musiqimizin qorunması və dünyaya tanıdılmasında UNESCO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə əlaqələrin daha da gücləndirilməsi ölkə Prezidentinin diqqət mərkəzindədir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov əlamətdar yubiley münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivini təbrik etdilər. Qeyd olundu ki, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınması ölkəmizi dünyada tanıdan mühüm hadisədir.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bir qrup əməkdaşına Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları təqdim edildi.
Sonda İçərişəhərin UNESCO siyahısına salınmasının 15 illiyinə həsr edilmiş film nümayiş olundu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar