Xalq şairinin ev-muzeyinin 40 illik yubileyi qeyd edildi

Dekabrın 2-də Xalq şairi Səməd Vurğunun ev-muzeyində bu mədəniyyət ocağının fəaliyyətə başlamasının 40 illik yubileyi qeyd edildi.

Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açdı, ev-muzeyin yaranma tarixindən danışdı. Bildirdi ki, böyük şair bu evdə ömrünün son iki ilini (1954-1956) yaşayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirdi ki, şairin ev-muzeyi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1974-cü ildə təşkil edilib. 1975-ci il oktyabrın 6-da muzeyin təntənəli açılışı olub: “İndi o vaxtdan 40 il ötür. Görkəmli şairin ev-muzeyi yarandığı gündən səmərəli fəaliyyət göstərir. Həcmcə böyük fondlara malik muzeylər kateqoriyasına aiddir. Burada şairin həyat və yaradıcılığına aid çox dəyərli eksponatlar qorunub saxlanılır”.
Nazir müavini onu da qeyd etdi ki, muzey yarandığı gündən ictimaiyyətlə sıx əlaqədə olub. Burada müxtəlif sərgilər, tədbirlər, elmi sessiyalar keçirilib. Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib. Şairin övladları - Xalq yazıçısı Yusif Səmədoğlu, Xalq şairi Vaqif Səmədoğlu, Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın həyat və fəaliyyətinə həsr olunan guşələr yaradılıb.
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirdi ki, Qazax rayonunda Səməd Vurğundan söz düşəndə elə danışılır ki, hesab edirsən ki, burada şairi hamı görüb. Bu, həqiqətən də, ümumxalq məhəbbətindən irəli gələn bir istəkdir. Ulu öndər Heydər Əliyev şairin yaradıcılığından bəhs edərkən deyərdi ki, Səməd Vurğun kommunist olub, partiyadan şeir yazıb. Amma görün necə yazıb!
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar muzeyin kollektivini yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, Səməd Vurğun bir sıra gözəl əsərlərini burada yazıb. Onun dilindən ilk dəfə şeir deməsini də bu evdə eşitmişəm...
Tədbirdə daha sonra Aşıqlar Birliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, yazıçı-publisist, millət vəkili Elmira Axundova, muzeyin elmi işçisi, vurğunşünas alim Aslan Salmansoy və başqaları unudulmaz şairin yaradıcılığından bəhs etdilər, onun Azərbaycan poeziyasında yerindən maraqla söhbət açdılar.
Xalq artisti, bəstəkar Sevda İbrahimova tədbir iştirakçıları ilə atası - Xalq yazıçısı Mirzə İbrahimovla şairin yaradıcılıq əlaqələri və dostluğu ilə bağlı xatirələrini bölüşdü.
Səməd Vurğunun sözlərinə Sevda İbrahimovanın bəstələdiyi mahnını şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov fortepianoda ifa etdi. Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyasına baxdılar.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar