Xalq yazıçısı Elçin ümummilli liderin Azərbaycan qarşısında misilsiz xidmətlərindən bəhs edən sənədli əsər yazmaq niyyətindədir

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib. Tədbirdə əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndərin anım günü ərəfəsində keçirilən seminarın mövzusu “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” olub.
Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, bu seminarlar ənənəvi olaraq keçirilir. “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində bu günədək “Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlət idarəetmə modeli” mövzularında məruzələr dinlənilib. Məruzələri ümummilli lider Heydər Əliyevi yaxından tanıyan, onunla birlikdə işləmiş şəxslər, tanınmış elm və ictimai xadimlər təqdim edirlər. Çıxışlar, dinlənilən xatirələr ulu öndərin irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi və yeni nəslə ötürülməsinə geniş imkan yaradır.
Qeyd edilib ki, Heydər Əliyev gənc yaşlarından ədəbiyyata bağlı olub, həm Azərbaycan, həm də digər xalqların şair və yazıçılarının yaradıcılığına böyük maraq göstərib. Ədəbiyyata maraq, diqqət, qayğı Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün xas olub.
Elmi-praktik seminarda çıxış edən Xalq yazıçısı Elçin ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli lider bütün sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da xüsusi diqqət və qayğı göstərirdi. Ulu öndərin şair və yazıçılara olan diqqətindən danışan yazıçı hələ sovet dövründə bu dəstəyin şahidi olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyev hər zaman şair və yazıçıların səhhəti, onların müalicəsi, ev şəraiti və bu kimi digər məsələlərə də qayğı ilə yanaşıb.
Qeyd edilib ki, ümummilli liderin Azərbaycan ədəbiyyatına bələd olması yalnız Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm kimi dövrün müasir ədibləri ilə əlaqədar deyildi. Ümummilli lider, eyni zamanda, klassik ədəbiyyatı dərindən bilirdi.
Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə müdrik qərarı ilə Azərbaycanı türk dünyasının mədəniyyət mərkəzinə çevirdi. Bu yubileyin Azərbaycanda keçirilməsi yalnız ictimai, ədəbi hadisə deyildi. Bu, eyni zamanda, böyük siyasi hadisə idi.
Bildirilib ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır.
Xalq yazıçısı Elçin ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərinə dair sənədli əsər yazmaq niyyətində olduğunu bildirib.
Seminarda iştirakçıların sualları cavablandırılıb.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar