Dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış bəstəkar, Xalq artisti Azər Rzayevlə vida mərasimi keçirilib.

Akademiyanın böyük konsert zalında qoyulan tabutun önündə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mərasimdə çıxış edərək deyib: “Bu binada ömrünün 60 ilini keçirən bəstəkar Azər Rzayevi bu gün son mənzilə yola salırıq. O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrünü yaşayıb. Musiqiçi ailəsində böyüyən Azər Rzayev dahi Üzeyir Hacıbəylinin tövsiyəsi ilə bu sahəyə gəlib. Onun fəaliyyəti çoxtərəfli olub. Azər Rzayev bəstəkar, ifaçı, gözəl insan və müəllim, maarifçi olub, ölkənin ictimai həyatında fəal iştirak edib və son nəfəsinədək işləyib. O, qayğıkeş ailə başçısı idi.
Vətən və hökumət onun yaradıcılığını yüksək qiymətləndirib. O, Xalq artisti fəxri adına, Azərbaycan Prezidentinin Fəxri diplomuna layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib, Prezident təqaüdçüsü olub. Təxminən 30 il Azərbaycan musiqisi haqqında maarifləndirici məqalələri ilə çıxış edib”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, xalq artistləri Fidan və Xuraman Qasımovalar, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti Yalçın Adıgözəlov mərhum sənətkar haqqında xatirələrini bölüşüblər.
Bildirilib ki, Azər Rzayevdə müəllimlik istedadı Allah vergisi idi. O, hər şagirdlə saatlarla məşğul ola bilərdi. Bəstəkarın əsərləri müasir Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib. Onun musiqisi təkcə keçmiş SSRİ-də deyil, dünyanın ən yaxşı konsert salonlarında səsləndirilib.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar