Dekabrın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Heyətə qurumun baş katibi Denis Dodds, Şərq Xalçaları üzrə Akademik Komitənin sədri Alberto Boralevi, komitənin üzvü Yelena Tsaryova və nazirliyin İtaliyada yaşayan eksperti, komitənin üzvü Əsli Səmədova daxil idi.
Görüş zamanı 2017-ci ildə Bakıda Azərbaycan xalçasına həsr edilmiş 5-ci beynəlxalq simpoziuma hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, simpoziumun işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrup auditoriyanın seçilməsi, görüşlərin keçirilməsi, çıxışların müəyyən edilməsi, mövzuların təsdiq olunması, müvəqqəti sərgilərin keçirilməsi və s. məsələlərlə məşğul olacaq.
Görüşdə tədbirə xarici ölkələrin mütəxəssislərinin və elm adamlarının cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev simpozium zamanı muzeylərin kolleksiyalarından ibarət sərgilərin, regionlarda fəaliyyət göstərən muzeylərə turların təşkil olunması, Şəki, Gəncə, Quba, Şabran (Pirəbədil) və Qazaxa təşkil olunan səfərlər zamanı oradakı tekstil kolleksiyaları ilə tanışlıq aparılması kimi məsələləri xüsusilə qeyd edib.
Ermənistanın Azərbaycana işğalçılıq müharibəsinin humanitar fəsadlarından danışan nazir ermənilər tərəfindən tarixi abidələrimizin, incəsənətimizin, mətbəx nümunələrimizin mənimsənilməsi ilə bağlı cəhdlərin davam etdiyini və bununla bağlı bütün məsələlərə hazır olmağımızın vacibliyini vurğulayıb.
Simpoziumun beynəlxalq əhəmiyyətindən söhbət açılan görüşdə İran, Türkiyə, Türkmənistan kimi ölkələrin də tədbirə öz töhfələrini verməsi üçün müvafiq danışıqların aparılması təklif edilib. İranda fəaliyyət göstərən xalçaçılıq məktəblərinin beynəlxalq layihəyə qoşulması xüsusilə qeyd olunub.
Tədbirin əsas məqsədinin Azərbaycan xalçalarının tanıdılması olduğunu vurğulayan Əbülfəs Qarayev bildirib ki, dünyanın tanınmış muzeylərində saxlanılan xalça nümunələrimizin annotasiyalarında onların Azərbaycana aid olması haqqında dolğun və müfəssəl məlumatların qeyd olunması məsələsində bu tədbirin xüsusi rolu olacaq.
Qeyd edək ki, 6-13 dekabr tarixində ölkəmizdə səfərdə olan İCOC-un nümayəndə heyəti tərəfindən Azərbaycan Xalça Muzeyində mühazirə və ustad dərsləri keçirilib, Milli İncəsənət Muzeyində mühazirələr oxunub.