“Mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər”

Dekabrın 15-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin (MEMM) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda seminar keçirildi.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək görülən işlər və gələcək layihələr haqqında məlumat verdi. Bildirildi ki, seminarın məqsədi mədəniyyətimizin təbliğində KİV-in mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti MEMM-in fəaliyyəti barədə məlumatlandırmaqdır.
Vurğulandı ki, müvafiq struktur dəyişikliyindən sonra qurum bir sıra maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunmasına xüsusi diqqət ayrılıb. Qeyd olundu ki, bu gün muzey, kitabxana, musiqi məktəblərinin inkişafı üçün dövlət proqramları həyata keçirilir. Bütün bunlara baxmayaraq, bu müəssisələrin fəaliyyəti əhatəli şəkildə ictimaiyyətə çatdırılmır. Mədəniyyət müəssisələrinin mediada təbliği onların işlərində irəliləyişə səbəb ola bilər.
Direktor bildirdi ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas və müdafiəsiz bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı, Mədəniyyət və Turizm Nazirliyin və digər qurumların fəaliyyəti nəticəsində mədəni irs nümunələrinin mənimsənilməsinin qarşısı alınır və ölkə mediası da bu məsələdə dövlətə dəstək verməlidir.
A.Usubəliyev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının da təbliğatına ehtiyacının olduğunu dedi: “Bir çox hallarda regionlardakı mədəniyyət müəssisələri gördükləri işi ictimaiyyətə çatdıra bilmirlər. Bu istiqamətdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müvafiq işlər görür. Bununla belə, müxtəlif KİV-lərin fikri və bu məsələlərə diqqət ayırması bizim üçün çox əhəmiyyətlidir. Televiziyalarda xəbər proqramlarında mədəniyyət xəbərlərinə sonda ayrılan bir neçə dəqiqə efir vaxtı informasiyaların çatdırılmasını və mövzuları əhatə edə bilmir. Mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər”.
Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi Türkan Rüstəmova çıxış edərək həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində nazirliyin dəstəyini xüsusi olaraq vurğuladı.
Tədbirdə respublikada fəaliyyət göstərən müxtəlif qəzet, agentlik, televiziya və internet saytların təmsilçiləri çıxış edərək öz mülahizə və fikirlərini irəli sürdülər.
Sonda Elmi-Metodik Mərkəzin tədbirlərinin işıqlandırılmasında, mədəniyyətimizin təbliği istiqamətində göstərdiyi dəstəyə görə bir sıra media mənsublarına fəxri diplomlar təqdim edildi. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı da var.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar