Bu il 10-cu dəfə təşkil olunan yarışlarda respublikamızın şəhər və rayonlarından 24 komanda iştirak edir

Dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarışlar artıq 10-cu dəfədir keçirilir. Budəfəki yarışlarda 22 şəhər və rayonun 24 komandası mübarizə aparır.
Dekabrın 17-də Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimi olub. Mərasimdə Şəki şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, iştirakçı rayonlardan gələn qonaqlar, ictimaiyyət nümayəndələri, yerli azarkeşlər iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və digər qonaqlar əvvəlcə Atçılıq Turizm Mərkəzinin həyətində təşkil edilən sərgilərlə tanış olublar. Burada çövkən oyunlarının tarixindən bəhs edən fotolar və Şəki sənətkarlarının əl işlərindən ibarət nümunələr nümayiş olunub.

Mərasimi Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova açaraq 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışların xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, təbliği və inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb.
Bildirilib ki, yarışlar ilbəil daha kütləvi xarakter alır. On il əvvəl keçirilən ilk oyunlarda 8 komanda iştirak edirdisə, bu gün onların sayı 24-ə çatıb.
Qeyd edilib ki, iki il əvvəl Azərbaycanın çövkən oyununun UNESCO-nun siyahısına daxil edilməsi bu qədim qeyri-maddi mədəni irs nümunəsinin yaşadılmasında və təbliğində önəmli rol oynayır. Çövkənin bu siyahıya salınması ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Tədbir musiqi kollektivlərinin çıxışları ilə davam etdirilib. Komandalar “Cəngi” sədaları altında tribunanın önündən keçərək meydanın mərkəzində düzülüblər.
Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Tərtər komandalarının mübarizəsini izləyiblər. Qarşılaşma Şəki komandasının qələbəsi ilə başa çatıb - 9:0. Digər oyunlarda isə nəticələr belə olub: Bərdə-Samux 2:1, Qəbələ-Göygöl 1:0, Qazax-İsmayıllı 1:0, Goranboy-Bərdə 1:0.
Qeyd edək ki, seçmə oyunlara dekabrın 16-da start verilib. Həmin gün aşağıdakı nəticələr qeydə alınıb: Tərtər-Zaqatala 2:1, Göygöl-Tovuz 1:0, Qazax-Şəmkir 1:0, Tərtər-Xaçmaz 2:1.

Yarışlara Bakı, Şəki və Yevlax şəhərlərindən, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz, Zaqatala rayonlarından komandalar qatılıb.
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər, Şəmkir, Samux rayonları builki yarışlarda ilk dəfə təmsil olunurlar. Bu onu göstərir ki, bölgələrdə oyunlara maraq çox yüksəkdir.
Çövkən üzrə seçmə oyunlarda qalib gələn komandalar bu yarışda çıxışlarını davam etdirəcəklər. Uduzan komandalar isə güc sınağı, baharbənd, yaylıq, papaq və sürpapaq oyunları üzrə yarışacaqlar.
Prezident Kuboku uğrunda çövkən milli oyununa dekabrın 21-də yekun vurulacaq. Həmin gün final oyunu və yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar