Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
İştirakçılar əvvəlcə mərkəzin foyesində uşaq kitablarından ibarət sərgi ilə tanış oldular.
Yubiley mərasimində öncə kitabxananın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə kitabxana sisteminin inkişafı sahəsində həyata keçirilən dövlət proqramlarından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin bu sahənin inkişaf etdirilməsi məqsədilə imzaladığı dövlət proqramlarının icrası kitabxana işinin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq, ölkəmizdə uşaq kitablarına münasibət dəyişməyib: “Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bu məqsədlə müvafiq addımlar atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çoxlu müraciətlər olub. Bunları nəzərə alaraq gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik”.
Respublika Uşaq Kitabxanasının fəaliyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda kiçikyaşlı oxucuların maariflənməsində kitabxana mühüm rol oynayır: “Bu gün 50 illik yubileyini qeyd etdiyimiz kitabxana öz işini günün müasir tələbləri səviyyəsində qurmağa nail olub. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlarda kiçik yaşlarından kitaba maraq oyatmalıyıq. Ölkəmizdə bu vacib işi həyata keçirən mədəniyyət müəssisələrindən biri də Respublika Uşaq Kitabxanasıdır”.
Nazir kitabxana işçilərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək yarıməsrlik tarixi olan kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi. Qonaq dost, qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Sonda kitabxana sahəsində səmərəli fəaliyyətinə görə və Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə bir qrup kitabxana işçisinə nazirliyin fəxri fərmanı və pul mükafatı təqdim edildi. Almaz Əşrəfova və Dürdanə Mazanova nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular.
Yubiley tədbiri konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Maksim Qorki adına kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci il tarixdən kitabxana Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, ədəbi dilimizin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adını daşıyır.

Yarandığı illərdən kitabxananın zəngin metodik nəşrlər fondu formalaşıb. Fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanıb. Kitabxana 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, qurumun sərgi və konqreslərində iştirak edir. Şuraya üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçılarını, rəssam və tərcüməçiləri müasir uşaq ədəbiyyatındakı problemlərə yönəltmək, uşaq ədəbiyyatı sahəsində yeniliklərin tətbiqinə nail olmaq, balaca oxucuları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
Kitabxana tərəfindən gənc nəslin hərtərəfli inkişaf etməsi və kamilləşməsi, uşaqlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı çap olunur. Hazırda 250 min nüsxəyə yaxın kitab fondu olan kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı var, paytaxtın müxtəlif rayonlarında 3 filialı fəaliyyət göstərir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar