Eposun xarici dilə ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçirildi

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbir əlamətdar yubileylə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Prezident yanında Bilik Fondu tərəfindən təşkil edilmişdi.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Milli Kitabxana tərəfindən təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgidə “Kitabi-Dədə Qorqud”un tədqiqinə aid nəşrlərlə yanaşı, eposla bağlı uşaqların çəkdikləri rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə işıq üzü görən nəşri də nümayiş olunurdu.
Tədbir ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışından video fraqmentlə başladı.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək Prezident İlham Əliyevin sərəncamının qorqudşünaslığa yeni bir nəfəs verdiyini bildirdi. Qeyd olundu ki, bu sərəncam eyni zamanda Fridrix fon Ditsə siyasi bir minnətdarlıq hissi idi: “Bununla da qorqudşünaslar bu istiqaməti bir az da dəqiqləşdirib perspektivlərini müəyyənləşdirəcəklər. Təkcə Azərbaycanda deyil, türk dünyasında da tədqiqatçıların əksəriyyəti bu kimi dastanların dünya mədəniyyət xəzinəsinə daha nələr verə biləcəyini maraqla və faydalı şəkildə araşdıracaqlar”.
Bildirildi ki, yubiley tədbirində Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən alimlər iştirak edir.
K.Abdullayev qeyd etdi ki, Fridrix fon Dits “Kitabi Dədə Qorqud” dastanı ilə Drezden kitabxanasının əlyazmalar fondunda tanış olub: “O, yazdığı ön sözlə 1815-ci ildə “Basatın Təpəgözü öldürməsi” boyunu çap etdirdi. Bu boy ona qədim yunan dastanları ilə müqayisələr aparmaq üçün geniş imkanlar vermişdi. Dastan bu günə kimi yüzlərlə dilə tərcümə edilib. 200 illik yubileylə əlaqədar dövlət təşkilatları tərəfindən bir sıra tədbirlər keçirilib”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, “Dədə Qorqud” dastanını alman və holland dillərinə tərcümə edən Almaniyanın Mayns Universitetinin professoru Hendrik Buşoten və digər qonaqlar çıxış edərək eposun xalqları və mədəniyyətləri birləşdirdiyini vurğuladılar.
Qeyd olundu ki, 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu dastan hər zaman bəşəriyyət üçün əhəmiyyətli olan mədəniyyət hadisəsi kimi dəyərləndiriləcək. Çünki bu məzmunlu dastanlar xalqlara dost olmağı öyrədir, mədəniyyət təbliğatçısı olması ilə millətləri insanlıq işığı ətrafında birləşdirir. “Kitabi Dədə Qorqud” eposu məhz bu gücə malikdir. Bir toplumu dünyada ayaqda saxlayan əsas dayaq onun mədəniyyətidir. “Kitabi-Dədə Qorqud” dastanını oxuyanlar türk toplumunun böyük mədəniyyətə malik olduğunu aşkarca görürlər. Ona görə də dastanla bağlı layihələr davam etdirilməlidir. Türk xalqları üçün hər il “Dədə Qorqud ili” olmalıdır.
Yubiley tədbiri ədəbi-bədii proqramla davam etdi. Proqramda Xalq artisti Alim Qasımov, “Natiq” ritm qrupu, “Savalan” qrupu və Əməkdar artist Mehriban Zəkinin ifasında musiqi nömrələri və Bakı Slavyan Universitetinin tələbələri tərəfindən dastandan nümunələr müxtəlif dillərdə səsləndirildi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar