Xəbər verdiyimiz kimi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının ötən ay Türkmənistanın Marı şəhərində keçirilən 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Dekabrın 21-də bu münasibətlə TÜRKSOY-un baş katibi Düsen Kaseinovun iştirakı ilə Şəki şəhərindəki “Şəki Palas” hotelində mətbuat konfransı keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbiri açaraq Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, nadir tarixi-memarlıq abidələri, zəngin sənətkarlıq irsi ilə tanınan Şəki bu gün həm də Azərbaycanda ən inkişaf etmiş bölgələrdən biridir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində mühüm sənət və ticarət mərkəzi olub. Hazırda Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzərsiz məkandır. Son illər burada keçirilən beynəlxalq festivallar, tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə, bölgənin turizm imkanlarını genişləndirməyə imkan yaradır.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatın ümumdünya mədəni irs siyahısına daxil edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, türk dünyasının UNESCO-su hesab edilən qurum 20 ildən artıqdır türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq üçün səmərəli iş aparır. Vurğulanıb ki, TÜRKSOY-un ən uğurlu təşəbbüslərindən biri 2012-ci ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsidir.
Düsen Kaseinov TÜRKSOY tərəfindən hazırlanan və Şəkiyə həsr olunan fotoalbomları, Azərbaycanın və türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar nəşr olunan “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabını və Şəki ilə bağlı bukletləri şəhər rəhbərliyinə təqdim edib.
Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri verilib.
Sonra TÜRKSOY-un baş katibi və şəhər İcra Hakimiyyətinin başçısı jurnalistlərin suallarını cavablandırıblar.
Şəkidə keçirilən beynəlxalq festivallarda, sərgilərdə iştirak etdiyini vurğulayan Düsen Kaseinov bildirib ki, şəhərin çox zəngin potensialı var. Şəkinin qədim tarixi, mədəniyyəti, incəsənəti bu şəhərin, həqiqətən də, paytaxt elan olunmasına əsas verir.
TÜRKSOY-un baş katibi deyib: “Tədbirlərə “paytaxt ili”nin açılış mərasimi ilə start veriləcək. Şəhər İcra Hakimiyyəti ilə birgə hazırda müvafiq tədbirlər planı hazırlayırıq. Tədbirlər planına, ilk növbədə, Şəkidə ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar daxil ediləcək. Eyni zamanda, əlavə tədbirlər də bu plana salınacaq”.
* * *
Daha sonra tədbir iştirakçıları, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Dram Teatrının baş rejissoru Erdal Küçük Kömürçüoğlu və digər qonaqlar Şəki Dövlət Dram Teatrında türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerasında iştirak ediblər.
Diqqətə çatdırılıb ki, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan olunub və tamaşa bu münasibətlə hazırlanıb. Bu, Haldun Tanerin Azərbaycanda tamaşaya qoyulan ilk əsəridir. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada rolları Rəhim Qocayev, Kəmalə Məmmədova, İqrar Salamov, Xanlar Həşimzadə və başqaları ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar