Dekabrın 21-də Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçası ensiklopediyası”nın birinci cildinin təqdimat mərasimi keçirildi. Kitab Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yaponiyanın “Japan Tobacco İnternational” şirkətinin birgə layihəsi əsasında nəşr olunub.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Azərbaycan xalçalarının təbliğ olunması istiqamətində görülən işlərdən danışdı: “2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan xalçaları tarixən bütün dünyada məşhur olub, bəşər mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərib. Bu gün xalçalarımız dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur, təbliğ edilir. “Azərbaycan xalçası ensiklopediyası”nın birinci cildinin ərsəyə gəlməsi də bu sahədə həyata keçirilən işlərin davamıdır”.
Şöbə müdiri bildirdi ki, Azərbaycanda xalçaçılıq ənənələri qorunur və xalça sənəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu sahədə Heydər Əliyev Fondu mühüm işlər görür. Fond tərəfindən 2011-ci ildə “Azərbaycan xalçaları” kolleksiyasının nəşr olunması, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələr bu işlərin tərkib hissəsidir.
Milli Məclisin deputatları Elman Nəsirov, Adil Əliyev və Jalə Əliyeva çıxış edərək ensiklopediyanın birinci cildinin nəşrini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, maddi-mənəvi sərvətimiz olan xalçaçılıq sənəti dövlətin diqqət və qayğısı sayəsində qorunur, yaşayır və inkişaf edir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulandı. Bildirildi ki, zəngin tarixə malik Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Qeyd edək ki, “Azərbaycan xalçası ensiklopediyası”nın müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Ensiklopediyada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur. Burada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət kəsb edən xalçalar haqqında məlumatlar toplanıb.
Nəşrdə, həmçinin xalçaların kolorit əlvanlığı, özünəməxsus kompozisiyası, Azərbaycan xalçaçılıq məktəbləri haqqında məlumat və şərhlər də verilib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar