Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

Əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, eləcə də nazirliyin “Fəxri turizm işçisi” döş nişanına layiq görülən şəxslərə təltifləri təqdim etdi. Qeyd olundu ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan hər kəsin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
İclasda geniş məruzə ilə çıxış edən nazir vurğuladı ki, cari ildə Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb. Bu, ölkəmizdə mədəniyyət və incəsənət, eləcə də turizm sahəsinə diqqət və qayğının göstəricisidir. Qeyd olundu ki, 2015-ci ildə dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Mədəni irsimiz bəşəriyyətin xəzinəsində

Nazir məruzəsində 2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən, Azərbaycanın mədəniyyətinin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.
Bildirildi ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Son illər bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycanın mədəni irs nümunələri ilə zənginləşir. 2015-ci il də Lahıc misgərlik sənətinin UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.
Diqqətə çatdırıldı ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbir - III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İSESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 35-ci iclası keçirilib. 2016-cı ilin 25-27 aprel tarixlərində paytaxtımız BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək.

Turizm sektorunda xidmətin çeşidi artır

Turizm sahəsində görülən işlərdən danışan nazir qeyd etdi ki, bununla bağlı həyata keçirilən siyasət, reallaşan layihələr sektorun inkişafına müsbət təsirini göstərir, xidmətin çeşidini artırır: “Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olundu. İl ərzində ölkədə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr verir. Bu baxımdan iyun ayında keçirilən I Avropa Oyunları da dünyanın diqqətini Azərbaycana cəlb edərək ölkəmizin daha geniş miqyasda tanıtımına əlavə zəmin oldu.
Nazir vurğuladı ki, bu il regionda gedən proseslərlə əlaqədar qonşu ölkələrdən Azərbaycana gələn turist sayında azalma müşahidə olunur. Bununla belə, Avropa və ərəb ölkələrindən gələnlərin sayında artımın olması sevindirici haldır.
Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün ölkəmizdə həm yay turizmi, həm qış turizmi, eləcə də sağlamlıq, mədəni turizm inkişaf dövrünü yaşayır. Bu günlərdə turizm xidməti üzrə ixtisaslaşan Travel.ru saytının “Forbes” ilə birlikdə yanvar ayı üçün tərtib etdiyi reytinqdə “Şahdağ” Turizm Mərkəzini MDB ölkələrinin dağ-xizək kurortları üzrə ilk onluğa daxil etməsi də təsadüfi deyil. Nazir həmçinin yerli hotellərdə yeni brendin - “Azerbaijan breakfast”in təqdim olunduğunu bildirdi.
Turizm obyektləri ilə yanaşı xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminat da əsas məqamlardandır. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də turizm peşə məktəbi kadr hazırlığında özünü doğruldur.

Musiqimizin sədası dünyaya yayılır

Nazir bu il də zəngin Azərbaycan musiqisi, muğamlarımız, aşıq sənətimiz, milli bəstəkarlıq məktəbi təmsilçilərinin yaratdığı nümunələrdən ibarət müxtəlif konsert proqramlarının keçirildiyini xatırlatdı. Bildirdi ki, bu tədbirlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı, nazirliyin icrası ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş layihələrin, silsilə tədbirlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır: “2015-ci ildə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçirildi. Üzeyir Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev adına VI Beynəlxalq Müasir Musiqi Festivalı, VII Qəbələ Musiqi Festivalı və ənənəvi Bakı Caz Festivalı ilin mühüm tədbirləri kimi incəsənətimizin təbliğinə, mədəniyyətlərin mübadiləsinə xidmət etdi”.

Kitab və kitabxana işi inkişafdadır

Bu ilin sentyabrında IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini, ölkəmizin müxtəlif kitab sərgilərində uğurla təmsil olunduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bildirdi ki, bu tədbirlər kitab, poliqrafiya və kitabxana işinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir: “Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi artıq ənənə halını alıb. Buna görə də düşünürük ki, bu sərgi-yarmarka ölkəmizin beynəlxalq aləmdə bu sahədə də nüfuzunun artmasına xidmət edəcək. Sərgi-yarmarkanı yeni əlaqələrin qurulması, təcrübə mübadiləsi baxımından da uğurlu hesab etmək olar. Kitab işinə verdiyimiz xüsusi önəmi dünyanın müxtəlif ölkələrində təşkil olunan kitab sərgilərində iştirakımızla da bir daha təsdiq edirik”.
Hər il nazirliyin xətti ilə müxtəlif kitabların nəşr olunduğunu deyən Əbülfəs Qarayev gələn il uşaq ədəbiyyatının nəşrinə daha çox üstünlük veriləcəyini dedi.
Nazir Azərbaycanda kitabxana sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlərdən də danışdı: “Ölkəmizdə kitabxana şəbəkəsinin genişləndirilməsi, inkişafı ilə bağlı müvafiq dövlət proqramı və layihələr həyata keçirilir. Həmin layihələrdən biri də Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) yaradılmasıdır. Bu sistem vasitəsilə ölkə kitabxanaları vahid şəbəkədə birləşdirilib. Bu da yeni dövrdə kitabxana-informasiya sisteminin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə yönəlmiş bir addımdır”.

Milli teatrımızın bu günü

Nazir çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərə də toxundu. Vurğulandı ki, ölkə başçısının bu sahə ilə bağlı imzaladığı müxtəlif sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarının əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam edir. Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, bu sahənin təmsilçilərinin fəxri adlar, mükafatlarla təltif olunması sənətə və sənətkara yüksək diqqətin nümayişidir. Bu da öz nəticəsini verir. Beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı səfərlər, birgə layihələr bu sahədə əməkdaşlığa mühüm zəmin yaradır. Bu gün Azərbaycan teatrı yeni bir mərhələni yaşayır. İl ərzində çoxlu sayda dövlət sifarişi əsasında tamaşalar səhnələşdirilib, yeni layihələr reallaşıb.

Kinematoqrafiyada müasir meyllər

Məruzədə kinematoqrafiya sahəsi, milli kinonun inkişafı istiqamətində atılan addımlar, kino istehsalında müasir texniki proseslərin tətbiqi üçün görülən işlərdən də söz açıldı. Bu sahədə uğurların əldə olunduğu, yeni filmlərin premyerasının keçirildiyi və bu prosesin gələn il də davam etdiriləcəyi bildirildi: “Kino sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində işlər davam etdirilir. Ölkəmizdə də bu qəbildən maraqlı tədbirlər reallaşıb, kino günləri keçirilib. Müasir səviyyədə yenidən qurulmuş Nizami Kino Mərkəzi kinosevərlərin ixtiyarına verilib, burada bir-birindən maraqlı tədbirlər, festival və müsabiqələr keçirilir: “Bu gün daha çox ölkəmizin müasir durumunu, adət-ənənələrini, milli dəyərlərini, tarixini, mədəniyyətini, insanlarının daxili aləmini əks etdirən, vətənpərvərliyi təbliğ edən filmlərin çəkilməsi vacibdir. Uşaq filmlərinin çəkilməsi də prioritet istiqamətlər sırasına daxildir”.

Muzeylər yeni tələblər qarşısında

Nazir ölkədə muzey işi, bu sahədə qarşıda duran vəzifələr, yeniliklərin tətbiqi barədə də danışdı: “Xalça Muzeyi, Milli İncəsənət Muzeyi bu gün ən müasir səviyyədə Azərbaycan mədəniyyətini, incəsənətini, xalq yaradıcılığını təbliğ edir. Muzeylərimizin işinin günün müasir tələbləri səviyyəsinə qaldırılması, təcrübə mübadilələrinin aparılması üçün beynəlxalq əməkdaşlıq da uğurla həyata keçirilir. Bakıda yerləşən bütün muzeylərin fəaliyyətini gücləndirmək istiqamətində müəyyən addımlar atılır. Regionlarımızda olan tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları da təmir edilir, yeni ekspozisiyaları tərtib olunur. Amma bununla yanaşı muzey səviyyəsində olmayan və təkcə adları muzey olan obyektlər də var. Bu nöqsanların aradan qaldırılmasını sürətləndirmək lazımdır. Ona görə də muzey rəhbərləri və əməkdaşları öz üzərilərində daha çox çalışmalı, yeni tələbləri hiss edərək işlərini ona uyğun qurmalıdırlar”.

Regionların mədəni mənzərəsi

Məruzədə regionlarda keçirilən mədəni-kütləvi tədbirlərdən də bəhs edildi, mədəniyyət və turizm layihələrinin paytaxtla məhdudlaşmayıb ölkənin bölgələrini, ən ucqar kəndlərini əhatə etməsinin, habelə sırf regionlarla bağlı layihələrin reallaşdırılmasının önəmi qeyd olundu. İl ərzində nazirlik tərəfindən həyata keçirilən layihələrdən söz açan Əbülfəs Qarayev “Bölgələrdən paytaxta” layihəsini xüsusi qeyd etdi, layihənin şəhər və rayonlarımızın mədəni zənginliyi, tarixi irsi və müasir inkişafının paytaxt sakinlərinə daha yaxından təqdimatına zəmin yaratdığını bildirdi. “Paytaxtdan bölgələrə” adlı yeni layihənin də regionlarda maraqla qarşılandığını bildirdi. Mədəniyyət və turizm sahələrində həyata keçirilən silsilə layihələrin qarşıdakı ildə də davam etdiriləcəyi vurğulandı.

Aparılan islahatlar, elektron xidmətlər, informasiya təminatı

Əbülfəs Qarayev qeyd etdi ki, nazirliyin strukturunda islahatlar aparılır və bu proses davam etdiriləcək: “Təxminən bir il öncə nazirlikdə yeni struktur bölmələri yaradıldı. Bu da nazirliyin işinin daha da təkmilləşdirilməsinə xidmət edir. Elektron xidmətlərin həyata keçirilməsində də uğurlu addımlar atılıb. Bu il nazirliyin qaynar xətti - 147 çağrı mərkəzini tam olaraq istifadəyə verdik”. Görülən işlərin geniş ictimaiyyətə çatdırılması məsələsinə toxunan Əbülfəs Qarayev vurğuladı ki, nazirliyin yenilənmiş saytı və “facebook” səhifəsi informasiyaların daha operativ və dəqiq şəkildə yayılmasını təmin edir. Diqqətə çatdırıldı ki, 2015-ci il ərzində mədəniyyət tədbirləri ilə bağlı təkcə elektron KİV-də 181 mindən çox informasiya dərc olunub. Ölkə telekanallarında mədəniyyət hadisələri geniş şəkildə nümayiş olunub. Turizmlə bağlı informasiyalar da böyük rəqəmlərlə ifadə olunur: “Bu bir tərəfdən mədəniyyət və turizm nazirliyinin işini təbliğ edir, tədbirlərin şəffaflığını əks etdirirsə, digər tərəfdən bunu ölkə KİV-i ilə qurulan əlaqənin, medianın fəallığının və operativliyinin göstəricisi hesab etmək olar. Müasir dövrdə sürətli informasiya mühüm məsələdir. Bununla bağlı kitabxanalar, muzeylər, teatrlar, konsert müəssisələri də öz saytlarını fəallaşdırmalı və keçiriləcək tədbirlərlə bağlı insanlara vaxtında məlumat verməlidir”.
Nazir çıxışında onu da bildirdi ki, müvafiq əmək müqaviləsinin bitməsinə görə 2016-cı il yanvar ayının 1-dən Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva bu vəzifədən azad olunacaq. Öz ərizəsinə əsasən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova işdən azad edilib.

“Qazanılan uğurlarla yanaşı, qarşıda böyük tələblər və məqsədlər var”

Əbülfəs Qarayev bildirdi ki, 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələlərdən biri də regionlarla iş olacaq: “Hədəflərimiz bölgələrimizdə mədəni irsimizin təbliği və onun inkişafına yönəldiləcək. Buna görə də Bakıda fəaliyyət göstərən bütün iri mədəniyyət ocaqları bu istiqamətdə planlar tərtib etməlidirlər. Vaxtaşırı bölgələrdə dəyirmi masalar, konsertlər, seminarlar, ustad dərsləri və s. təşkil olunmalıdır”.
Mədəniyyət və turizm sahələrində həyata keçirilən silsilə layihələrin əhəmiyyətindən danışan nazir bu işin qarşıdakı ildə də davam etdiriləcəyini vurğuladı: “Biz düşünürük ki, müasir dövrdə ölkənin həm mədəniyyət, həm də turizm sahəsində islahatlara ehtiyacı var. Bu islahatlar yeniləşmə, müasirləşmə, yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Qazanılan uğurlarla yanaşı, qarşımızda böyük tələblər və məqsədlər də var. Qeyd etdiyim kimi, bu il zəngin, dolğun bir il oldu. Amma bununla yanaşı nazirliyin, həmişə olduğu kimi, mövqeyi dəyişmir, əldə olunan nailiyyətlərlə kifayətlənməyib, daha böyük uğurlara imza atmaq üçün irəli getmək. Bu yolda cənab Prezidentimizin mədəniyyət və turizm sahəsinə verdiyi dəstək, diqqət və qayğı bizim üçün ən böyük stimuldur”.
Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarımillik iş planı təsdiq edildi. Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar