Paytaxtın Zirə qəsəbəsində istifadəyə verilən mədəniyyət mərkəzi və eko-park müasirliyin və inkişafın orijinal layihəsidir

Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Heydər Əliyev Fondunun Bakının Xəzər rayonunun Zirə qəsəbəsində həyata keçirdiyi bu layihə son illərdə ölkədə bu sahədə icra olunan ən orijinal layihələrdən biridir. Belə bir məkanın paytaxtdan kənarda yaradılması isə onun əhəmiyyətini daha da artırır. Belə ki, yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan məkan qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayacaq.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası kompüterlərlə təchiz olunub.
Zirə Mədəniyyət Mərkəzindəki IDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən analoji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, dəyirmi masaların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası nəsli kəsilməkdə olan heyvanların xüsusilə də Qafqaz faunasının beş növünün populyasiyasının qorunub saxlanılmasına və qoruqların mühafizəsinə həsr olunub.
Mədəniyyət mərkəzində şahmat sinfi, moda studiyası da var. Studiya avadanlıqlarla təmin olunub. Bura dərzilik kursu ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır.
Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də burada yerləşir. Muzeydə Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Muzeyin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür. Mədəniyyət mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı imkanlar var. Həmçinin idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.
Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Mədəniyyət mərkəzində seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı da var.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada “Orxideya evi”nin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.
Mədəniyyət mərkəzi və eko-parkla tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşüblər.
Dövlət başçısı əlamətdar hadisə münasibətilə sakinləri təbrik edib. Bildirib ki, son vaxtlar ölkəmizin hər bir yerində, o cümlədən Bakıda belə məkanlar, parklar salınır. Dənizkənarı bulvarın uzunluğu 16 kilometrə çatıb. Heydər Əliyev Sarayının arxasında yeni park yaradılıb. Dədə Qorqud parkı və digər parklar da bu qəbildəndir. Həmçinin ekoloji layihələr icra edilir. Böyükşor gölünün bir hissəsi təmizlənib, orada da böyük park salınıb. Heydər Əliyev Mərkəzinin qarşısında təqribən 7-8 hektar ərazidə park yaradılıbdır: “Şadam ki, qəsəbələrdə də gözəl parklar salınır. Bu imkanlardan həm qəsəbə sakinləri, həm də buraya gələn qonaqlar istifadə edəcəklər. Eyni zamanda xarici qonaqlar gəlib görəcəklər ki, Azərbaycanda belə gözəl məkanlar yaradılır”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar