Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanan nəşr dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində “Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq 2015-ci ildə akademiya həyatında yaddaqalan hadisələrdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində iştirakını ölkənin elmi həyatında ən mühüm hadisə, alimlər qarşısında etdiyi dərin məzmunlu nitqini isə ictimai fikir hadisəsi kimi səciyyələndirib. Vurğulanıb ki, ölkə başçısı tərəfindən Azərbaycan elminin bütün sahələri ilə yanaşı humanitar və ictimai elmlər qarşısında da həlli vacib vəzifələr qoyulub. Bu məsələlərdən biri 2016-cı ildə müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə hazırlanacaq “Müstəqillik yollarında” kitabıdır.
Akademik İsa Həbibbəyli bununla bağlı müəlliflər heyətinin qarşısında duran vəzifələrdən danışıb. Qeyd edib ki, “Müstəqil Azərbaycan dövlətinin müqəddəratı: itirilmə təhlükəsindən - sabitliyə, quruculuğa və inkişafa”, “Azərbaycan Respublikası müasirləşmə və modernləşmə yollarında (2003-2016)” və “Mənəvi mühitin müasir siması” fəsillərini əhatə edəcək kitabda ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda fəaliyyəti, o cümlədən Azərbaycanda dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin tarixi-siyasi əsasları, müstəqil dövlət quruculuğu məsələləri geniş yer alacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların inkişafı, multikulturalizm, tolerantlıq və s. sahələrdə başlanmış yeniləşmələr, əldə olunan mühüm nəticələr də kitabda əksini tapacaq. “Müstəqillik yollarında” kitabında Azərbaycan dövlətinin xarici siyasətinin uğurları və perspektivləri, eləcə də yeni mərhələdə elm və təhsil məsələləri, milli mədəniyyətin inkişafı, Olimpiya hərəkatı kimi istiqamətlərdə də icmal xarakterli elmi məqalələr veriləcək, nəşr müstəqilliyimizin yubileyinə dəyərli töhfə olacaq.
Kitabın ilkin layihəsi üzrə geniş müzakirə aparılaraq fikir və təkliflər səsləndirilib.
Akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Şahbaz Muradov, Əli Nuriyev və başqaları təqdim olunan layihəyə münasibət bildirərək kitabın strukturu ilə bağlı qənaətlərini bölüşüb, təkliflərini irəli sürüblər. Kitabda ciddi elmi araşdırmalarla yanaşı, sxemlər və cədvəllərə, şəkillərə və xəritələrə də yer ayrılacaq.
“Müstəqillik yollarında” kitabının 2016-cı ilin aprel ayınadək ilkin müzakirəyə təqdim edilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar