“Turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Bu sahə üçün bütün məqbul zonalarda turizmi geniş inkişaf etdirilməlidir”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclası açan Prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirib. Dövlət başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirib. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyllərinin güclənməsinin müşahidə olunduğunu deyən Prezident dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulayıb.
Keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlət başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini bildirib.
2015-ci ilin ölkəmizlə bağlı yekunlarından söz açan Prezident ötən il Azərbaycanda uğurlu inkişafın davam etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyib. Diqqətə çatdırılıb ki, keçən il Azərbaycan Prezidenti 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısı isə Azərbaycana səfərlər edib. “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”, - deyən dövlət başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd edib.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən Prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində ordumuzun üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib.
Buna rəğmən il ərzində bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələri icra olunub, yeni iş yerləri açılıb və regionların inkişafı ilə bağlı tədbirlər görülüb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafı aparılan islahatların nəticəsidir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub, ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb.
Prezident çıxışında 2015-ci ildə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarından danışıb, bu idman tədbirinin bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını bildirib.

* * *
Prezidentin giriş nitqindən sonra maliyyə naziri Samir Şərifov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Maliyyə naziri diqqətə çatdırıb ötən il dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub. Bunun əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilib. Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz çoxdur.

* * *
Yekun nitqində Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Prezident Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb.
2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoyub.
Prezident bu il struktur islahatlarının aparılacağını, bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyib, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışıb, nəqliyyat və turizm sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını vurğulayıb: “Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq kifayət qədər böyük işlər görübdür. Biz dövlət hesabına “Şahdağ” kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada hotellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci hotel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, şimal bölgəsini inkişaf etdirmək, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə, turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin”.
Prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib.
Çıxışının sonunda dövlət başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar