Sərginin fəxri qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır
Yanvarın 8-də Türkiyə paytaxtında 10-cu Ankara Kitab Sərgisinin açılışı keçirildi. 250-dən çox nəşr və kitab evinin təmsil olunduğu sərgi yanvarın 17-dək davam edəcək. Sərginin fəxri qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, qonaq ölkə isə İran İslam Respublikası idi.
Ankara Ticarət Palatasında gerçəkləşən tədbirdə əvvəlcə mütaliə sevgisinə diqqət çəkmək məqsədilə velosipedlər üzərində kitab oxundu. Sonra açılış mərasimi oldu.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və yayımlar bölməsinin baş direktoru Hamdi Turşuçu son illər ölkədə keçirilən kitab sərgilərinin sayının, həmçinin Türkiyənin dünya nəşriyyat sektorunda yerinin artdığını diqqətə çatdırdı. Qeyd olundu ki, “Türk mədəniyyəti, sənət və ədəbiyyat ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək layihəsi” (TEDA) çərçivəsində 2005-ci ildən bəri 60-dan çox ölkədə 2 mindən çox əsər xarici dillərə çevrilərək nəşr edilib.
Digər çıxışçılar da artıq 10 ildir davam edən layihənin və sərginin əhəmiyyətini vurğuladılar, belə tədbirlərin kitab-oxucu ünsiyyətinin genişlənməsində rolundan bəhs etdilər.
Sərginin fəxri qonağı Anar çıxışında yazıçı olmasında məhz kitabların rol oyandığını dilə gətirdi: “Bakıda “Kitab pasajı” adlanan bir yer var, İstanbulda isə bunun bənzəri “Çiçək pasajı”dır. Bizim evimiz həmin pasajın yanında olduğundan uşaqlıq və gənclik illərim orada keçib. Eyni zamanda evdə də atamın çox zəngin kitabxanası vardı. Bəlkə mən elə bu səbəbdən yazıçı oldum. Deyirlər ki, bəzi yazıçıları ədəbiyyata həyat, bəzilərini isə kitab gətirir. Məncə, ən önəmlisi budur ki, istər həyat, istərsə də kitabdan gələnlər ədəbiyyata gəlib çıxsınlar və yarı yolda qalmasınlar. Sonralar mənim öz evimdə kitabxanam oldu və bu, Bakıda ən zəngin kitabxanalardan biridir”.
AYB sədri müasir texnologiyanın kitab üçün yaratdığı əngəllərə də toxundu: “Həyatımıza internet daxil olduqdan sonra düşünmüşəm ki, bəlkə mən yazıçı olmağımla səhv etmişəm. Kitablar yazmışam, almışam, atamın kitablarını nəşr etdirmişəm və bütün bunlara vaxt, zəhmət, vəsait sərf etmişəm. İndi mənim nəvələrim kompüterin bir düyməsini basmaqla dünyanın istənilən nöqtəsindən kitab alırlar. Virtual dünya, internet, televiziya kanalları - bunların hamısı kitabların rəqibləridir. Amma bütün bunlara baxmayaraq, ümid edirəm ki, bu yarışda kitab qalib gələcək. Bugünkü sərgi də bunu bir daha təsdiqləyir. Müharibələr həmişə bir ölkənin digər ölkəyə ərazi iddialarına görə başlayır. Amma mədəniyyətlər heç vaxt savaşa qatılmayıb. Heç bir ölkə demir ki, mənim yazıçım sənin yazıçından üstündür, gəl savaşaq. Ədəbiyyat xalqları bir araya gətirir. Belə bir kitab sərgisinə qatılmaqdan məmnunam və məni dəvət edənlərə təşəkkürümü bildirirəm. Sözümü bu cümlə ilə bitirmək istəyirəm: Yaşasın kitab!”.
Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlu Türkiyədə kitaba göstərilən oxucu marağı ilə bağlı statistikaya toxundu: “Burada qeyd olunan statistikaya görə, bizim nə qədər az kitab oxuduğumuz bəlli oldu. Buna bir misal çəkmək istərdim. Mən ali məktəbdə təhsil aldığım illərdə bizə gündəlik qəzet bir gün sonra gəlirdi. Əgər qəzeti zamanında çatdıra bilmirlərsə, insanlara “sən qəzet oxumursan” deyib irad tutmaq olmaz. Eləcə də şəhərdə kino yoxdursa, kinoteatra, tamaşa yoxdursa, teatra gedilməyəcək. Əgər bu gün də kitab sayı azdırsa insanlara, “kitab oxumursan” deyib mühakimə etməməliyik. Bizim insanlarımızın mədəniyyətə böyük bağlılığı var. Ankara kitab sərgisi kitab oxuma mədəniyyətimizi ortaya qoymaqla yanaşı, insanları da bir araya gətirir. Sərgi təşkilatçılarına minnətdarlığımı bildirirəm”. Çıxışlardan sonra Anar da daxil olmaqla qonaqlara sərginin plaketləri, təşəkkürnamələri təqdim olundu. Bunun ardınca sərginin açılışını bildirən lent kəsildi, sərgi ilə tanışlıq başlandı.
Sərgi iki əsas hissədən ibarətdir: bir bölmədə Türkiyənin tanınmış nəşriyyatlarına məxsus kitablar, digər bölmədə isə sahafçıların (bukinistlər) öz kitab dükanlarına məxsus olan kitabları nümayiş etdirilirdi. Sərgidə 40 satış stendini də “Sahaf kitab stendləri” təşkil edirdi. Qeyd edim ki, buna bənzər kitab satışı Bakının müxtəlif mərkəzi küçələrində keçirilir, bunun sərgi ənənəsinin formalaşması da yaxşı olardı. Türkiyənin ən müxtəlif bölgələrindən gətirilən bu kitablara isə ziyarətçi marağı böyük idi.
Ankara kitab sərgilərini təşkil edən “Eylül sərgiçilik” qurumunun layihə rəhbəri Metin Karaustanın bildirdiyinə görə, artıq üç ildir ki, Ankara sərgisində formalaşan bu ənənə ziyarətçilərin sərgiyə marağını daha da artırıb: “Elə ən çox ziyarət edilən bölmə də “Sahaf kitab” bölməsidir. Burada satılan kitablar həm nisbətən ucuz, həm də maraqlı olur. Ankara kitab sərgisinə həmişə böyük maraq var və burada satış da çox olur. Adi günlərdən fərqli olaraq sərgidəki kitablar daha uyğun qiymətə satılır. Bu il sərgidə iştirak edən yeganə xarici ölkə İrandır. Gələn il sərgiyə Azərbaycanı dəvət etmək istərdik”.
Stendlərə baş çəkən oxucuların əlində almaq istədikləri kitab siyahıları da gözdən yayınmadı. Sərginin ilk ziyarətçiləri isə məktəbli və tələbələr oldu.
Sərginin sonrakı günlər üzrə proqramına müxtəlif mövzularda konfrans, panel və yazıçıların imza günləri, dünyasını dəyişmiş yazıçıları anma tədbirləri daxildir. İmza günlərinə Mert Fırat, Metin Feyziloğlu, İhsan Eliaçıq, Ümit Özdağ və digərləri qatılmışdı.
Yanvarın 10-da Xalq yazıçısı Anarın imza günü oldu. Oxucuların böyük maraq göstərdikləri yazıçı həmin gün xeyli kitab imzaladı. Qeyd edək ki, imza günündə qonaq qismində Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov da iştirak edirdi.
Mehparə Sultanova
Ankara