Yanvarın 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şəhidlik və şərəf tariximizin 20 Yanvar zirvəsi” adlı tədbir keçirilib.
Təhsil ocağının rektoru, professor Cəfər Cəfərov 1990-cı ilin yanvar hadisələrindən söz açıb. Bildirib ki, sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qəddarlıq kommunist diktaturasının vaxtilə Macarıstan, Çexoslovakiya, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxilənin daha qanlı miqyasda təkrarı idi.
Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak edib, faciəyə siyasi qiymət verib, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş qanlı aksiyanı ifşa edib. Rektor çıxışının sonunda vurğulayıb ki, vətənimizin istiqlalı və torpaq uğrunda canından keçən oğul və qızların qəhrəmanlığı yeni nəsillərə örnək olan vətənpərvərlik məktəbidir.
ATMU-nun ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı, Doktorantura və əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsrulla Nəsirli dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədən danışıblar.
Fariz