Mədəniyyət və turizm naziri Siyəzəndə vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bölgələrdə 30-dan çox belə görüş keçirib.

Yanvarın 28-də nazir Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Siyəzən rayonundan qəbula yazılan vətəndaşlar rayon Mərkəzi kitabxanasının müasir Azərbaycan ədəbiyyatına dair nəşrlərlə, Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təmin olunmasına, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” tərəfindən rayonlar arasında təcrübə mübadiləsinin aparılmasına, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər qarşısında tanınmış incəsənət ustalarının konsertinin təşkilinə, yerli yazarların əsərlərinin nəşrinə köməklik göstərilməsini xahiş ediblər.
Xaçmaz sakinləri tərəfindən rayonda turizm təhsili ocağının yaradılması, təmir-bərpa olunan "Xəzər" kinoteatrında yeni filmlərin nümayişinə köməklik göstərilməsi, rayon ərazisində aparılan arxeoloji qazıntılar və tədqiqatlara dəstək verilməsi barədə xahişlər edilib.
Quba rayonundan qəbula gələnlərin müraciətləri rayon incəsənət məktəbinin Azərbaycan bəstəkarlarının əsərlərinə aid dərs vəsaitləri ilə təminatı, turizmlə bağlı təşəbbüslərin dəstəklənməsi, mərkəzi kitabxanaya tanınmış mədəniyyət və maarif xadimi Səkinə Axundzadənin adının verilməsi barədə olub.
Qusar sakinləri tərəfindən tarix-diyarşünaslıq muzeyinin elektron bələdçi ilə təmin olunması, mədəniyyət sahəsində çalışan gənc işçilərin təcrübəsinin artırılmasına dəstək verilməsi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti, işlə təminat və digər məsələlərə dair müraciətlər səslənib.
Şabran sakinləri rayondakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı metodiki tövsiyələrin hazırlanması, kütləvi kitabxanalarda ali və orta ixtisas məktəbləri üçün dərsliklərə olan tələbatın ödənilməsi, Pirəbədil tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, Pirəbədil kəndinin turizm marşrutuna daxil edilməsi, yeni inşa olunmuş Qala bayraq kompleksində Bayraq muzeyinin yaradılması, Çıraqqala tarix qoruğu üçün mühafizə köşklərinin və şlaqbaumların quraşdırılması ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür.
Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib. Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

* * *
Qəbuldan sonra Əbülfəs Qarayev Siyəzən rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinə baş çəkdi.
İlk olaraq Siyəzən rayon Mərkəzi kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması üçün görülən işlər haqqında geniş məlumat verildi. Bildirildi ki, kitabxananın Uşaq şöbəsində uşaqlar üçün yaradılan şərait, “Nağıl otağı”nın fəaliyyəti də diqqət mərkəzindədir. Nazir kitabxananın Uşaq şöbəsinin bu il yeni ədəbiyyatla təmin olunacağını bildirdi.
Əbülfəs Qarayev sonra Siyəzən rayon uşaq incəsənət məktəbinin fəaliyyəti ilə tanış oldu. Təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlandı.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar