Elə sənət adamları var ki, öz peşə bayramlarında, ya da onların şərəfinə düzənlənən hər hansı tədbirdə yalnız səhnəyə çıxanlar və iş başında olanlar çalışırlar, qalanları isə dincəlir, zövq alır. Amma bu, deyəsən, fotoqraflara aid deyil.
Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “İlin fotoqrafı 2015” mükafatlarının təqdimat mərasimi keçirildi.
Tədbirə yığışan hər iki nəfərdən biri fotokamera ilə «silahlanmışdı». Özünü foto sənətinə bir köynək yaxın sanan hər kəs çalışırdı ki, həmişə kameranın gözü ilə baxan həmkarını kameranın obyektivi ilə görsün.
Qısa çıxışlardan məlum oldu ki, ötən il fotoqraflarımız çox məhsuldar çalışıblar, AFB isə həm ölkəmizdə keçirilən tədbirlərə yaxın-uzaq xaricdəki həmkarlarını dəvət edib, həm də fotoqraflarımızın uğur coğrafiyası xeyli genişlənib.
Mərkəzin foyesində qurulmuş sərgilər də fotoqraflarımızın fəaliyyəti barədə müəyyən təəssürat yaradırdı. Sərgilərdən biri tanınmış rəssam-heykəltəraş, həm də fotoqraf Albert Mustafayevin «Azərbaycan incəsənəti korifeylərinin portretləri» idi, o biri isə tam fərqli mövzunu əhatə edirdi. Fotoqraf Rüfət Abbasın «Küçə fotoları» müxtəlif şəhərlərin gündəlik və ötəri ovqatını əks etdirirdi.
1999-cu ildən bəri hər il keçirilən «İlin fotoqrafı» təqdimatı təkcə seçilmişlərin mükafatlandırılması yox, həm də ötən il ərzində görülmüş işlərin hesabatıdır. Bu baxımdan 2015-ci il barədə danışmağa xeyli mövzu var idi.
Ötən il Gürcüstan fotoqrafları Şəkidə ustad dərsləri veriblər. İlk Avropa Oyunları ərəfəsində idman mövzusunda ixtisaslaşmış fotoqrafların peşəkarlığını artırmaq üçün tanınmış fotoreportyor Sergey Kivrinin ustad dərsi təşkil edilib. Mart ayında «Miras» İctimai Birliyinin keçirdiyi «Tərəkəmə çərşənbəsi» festivalı AFB-nin qonşu Gürcüstan və Türkiyədən dəvət etdiyi fotoqrafların sayəsində beynəlxalq əks-səda doğurub. May ayında Türkiyənin Konya şəhərində həmin festivalda çəkilmiş fotolardan ibarət sərgi düzənlənib.
AFB ilə «İrs» jurnalının birgə keçirdiyi «Mənim Bakım» müsabiqəsində qalib gələn fotolar «Bakı simfoniyası» kitabında çap olunub. Bundan əlavə, 2013-cü ildə Azərbaycanda keçirilən TÜRKSOY-un “Fotoqraflar görüşü”nün kataloqunun nəşri, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində 36 ay sürmüş «Say Cheese! Ailə albomu» layihəsi yekunlaşıb. İl boyu Rauf Umudun «Aylıq» müsabiqə layihəsi də maraqlı nəticələrlə yadda qalıb.
Çıxışlardan sonra hamının maraqla gözlədiyi təltifetmə mərasimi başladı. Qocaman sənətkar, fotoaparat, fırça və tişəni ömür boyu məharətlə öz əlində tutmuş 85 yaşlı rəssam-heykəltəraş Albert Mustafayev fotoqrafiya sənətində nailiyyətlərinə görə fəxri fərmanla təltif edildi.
«İlin sərgisi», «İlin debüt sərgisi», «İlin layihəsi», «İlin press fotoqrafı», «İlin jurnalisti» nominasiyalarının qalibləri elan edildi. Qədim yunan mifologiyasının qəhrəmanı, adı hərfi tərcümədə «hər şeyi görən» mənasını verən “Arqus” mükafatları da öz sahibini tapdı: Eldar Əkbər «Qızıl Arqus», Cavid Məmmədov «Gümüş Arqus» və Maya Bağırova «Bürünc Arqus»a layiq görüldülər. Görkəmli fotoqraf Hüseyn Hüseynzadənin adına «Ümid» mükafatı isə Ehtiram Cəbiyə çatdı. Tədbirə qonaq kimi qatılmış Gürcüstan Fotoqrafları Assosiasiyasının üç üzvü AFB-nin sədr müavini Rauf Umuda təmsil etdikləri qurumun «Peşəkar fotoqraf» sertifikatını təqdim etdilər.
Nəhayət, çox gözlənilən iki mükafatın da sahibi bilindi. “ART Faktor” şirkətinin təsis etdiyi «Bədii fotoqrafiya» mükafatı Emil Xəlilova, «İlin fotoqrafı 2015» baş mükafatı isə Rüfət Abbasa təqdim edildi.
Tədbir boyu gənc ifaçılar, amma artıq xeyli tanınan xanəndə Ehtiram Hüseynov ilə müğənni Xəyalə Manaflı qonaqları öz gözəl ifaları ilə feyzyab etdilər.
G.Mirməmməd