Yanvarın 29-da "JW Marriott Absheron Baku" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.

Tədbirdən öncə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Yubiley mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, hökumət rəsmləri, millət vəkilləri, elm, mədəniyyət xadimləri, turizm sektoru təmsilçiləri iştirak edirdi.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda mədəniyyətin və turizmin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkənin 75 minlik mədəniyyət və turizm ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirdi. Nazir ölkəmizin mədəni irsinin qorunması, dünya miqyasında təbliği, mədəniyyət sahəsində Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğuladı, bu işlərin ən yüksək qiymətə layiq olduğunu dedi.
Qeyd olundu ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə fəaliyyətə başlayan Mədəniyyət və Turizm Nazirliyi ölkə rəhbərinin bu sahələrdə siyasətinin yerinə yetirilməsi üçün daim var qüvvəsi ilə çalışır: “Dünya təcrübəsi nəzərə alınaraq bu iki sahə birləşdirilərək yeni bir dövlət qurumu formalaşıb. Tarix üçün 10 il az vaxt hesab olunsa da, bu sahədə çalışan insanlar üçün bu zaman böyük əhəmiyyət kəsb edir. Mədəniyyət və turizm sahəsində çalışan insanlar fədakarlıqla öz bacarıq və biliklərini bu sahənin inkişafına sərf edirlər. Biz öz zəngin mədəniyyətimizlə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq. Bütün nailiyyətlər göz qabağındadır. Bugünkü tədbir də fəaliyyət göstərdiyimiz 10 ilin qısa hesabatıdır. Bu illər ərzində nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli yüzlərlə tədbir keçirilib”.
Nazir bildirdi ki, son 10 ildə ölkə başçısı tərəfindən mədəniyyət və turizmlə bağlı 500-dən çox fərman və sərəncam imzalanıb, dövlət proqramları təsdiq edilib, mədəniyyət və turizm sahələrində fəaliyyəti ilə seçilən 836 nəfər fəxri ad və mükafatlara layiq görülüb. Bununla yanaşı, ötən illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə səmərəli fəaliyyətinə görə 183 əməkdaş “Fəxri mədəniyyət işçisi” və 26 əməkdaş “Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilib.
Ötən müddətdə nazirliyin 30-dan artıq əməkdaşının dövlət tərəfindən mükafatlandırıldığını deyən Əbülfəs Qarayev mədəniyyət xadimlərinin təltif olunması haqqında Prezidentin 28 yanvar 2016-cı il tarixli sərəncamlarını diqqətə çatdırdı.
2006-2015-ci illərdə mədəniyyət və turizm sahələri üzrə qazanılan uğurlar, həyata keçirilən layihələr haqqında danışan nazir ayrı-ayrı sahələrin inkişafından söz açdı.

Bildirildi ki, bu illərdə teatr sənətinin inkişafı daim diqqət mərkəzində olub.
2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul edilib, dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” (2007) sərəncamına uyğun olaraq 2009-cu ildə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq olunub. Musiqimizin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, 10 il ərzində 1500-dən çox respublika və beynəlxalq əhəmiyyətli konsertlər, festival və müsabiqələr, digər rəngarəng tədbirlər gerçəkləşib. Kino, kitabxana-nəşriyyat işi, mədəni irs, muzey işi və digər sahələr, mədəniyyət sahəsində beynəlxalq əlaqələr mühüm inkişaf yolu keçib.
Nazir son on ildə turizm sahəsində görülən işlərə də nəzər saldı. Bildirildi ki, ötən müddətdə dünyanın müxtəlif ölkələri ilə mədəniyyət və turizm sahələrində 70 müqavilə imzalanıb. Hazırda turizm sənayesi ölkə üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edir. Bu, sahənin dinamik inkişafından xəbər verir.
Əbülfəs Qarayev çıxışının sonunda nazirliyin ölkənin digər dövlət qurumları ilə faydalı əməkdaşlığına toxundu. Qeyd etdi ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar Mədəniyyət və Turizm Nazirliyinin layihələrinə dəstək olurlar.
Daha sonra nazirliyin 10 illik fəaliyyətini əks etdirən kitab-kataloq və son illərdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan tar ifaçılığı sənəti və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş etdirildi.
Sonda 10 il müddətində nazirliyin tədbirlərini işıqlandıran və mütəmadi əməkdaşlıq edən televiziya kanallarının əməkdaşları nazirlik tərəfindən fəxri fərman və mükafatlarla təltif olundular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar