“Gəncliyin səsi” festivalı çərçivəsində gənc yazarlarla görüş keçirildi

Xəbər verdiyimiz kimi, fevralın 1-dən 5-dək Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı keçirilir. Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə gənclərin iştirakı ilə konsertlər, görüşlər, sərgilər təşkil olunur.

Bu tədbirlərin davamı olaraq fevralın 3-də Milli Kitabxanada gənc yazarlarla görüş keçirildi. Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, Azərbaycanın yaradıcı gənclərinin bütün sahələrdə nəzərə çarpan fəaliyyəti dövlətimizin qayğısı ilə əhatələnib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev də ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açdı. Qeyd olundu ki, “Gəncliyin səsi” festivalı da gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Bu il festival paytaxtla yanaşı, 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilmiş Gəncə şəhərində də keçirilir.
Nazirliyin fəaliyyət göstərdiyi 10 ildə mütəmadi olaraq gənclərlə iş üzrə müxtəlif layihələrin həyata keçirildiyini vurğulayan Yaşar Əliyev bunun üçün hüquqi bazanın mövcud olduğunu bildirdi. Ölkə rəhbərliyi tərəfindən 2007-ci ildə təsdiq edilmiş “Gənclər siyasəti haqqında” qanun, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında məlumat verildi: “Hüquqi baza varsa, işin düzgün planlaşdırılması olarsa müsbət nəticələr əldə etmək mümkündür. Yüzlərlə istedadlı gəncin yetişməsi, onların Prezident təqaüdlərinə layiq görülmələri bu sahədə siyasətin düzgün istiqamətinin bəhrəsidir”.
Şöbə müdiri mədəniyyət və turizm təhsilinə də toxundu, nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universiteti, musiqi və incəsənət məktəblərində təhsil alan tələbə və şagirdlərin uğurlarından, beynəlxalq müsabiqələrdə qazandıqları mükafatlardan bəhs etdi. Bildirdi ki, bu uğurlar təkcə ölkəmizin tanıdılması deyil, eləcə də sabahımıza sərmayədir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ölkəmizdə ənənəvi olaraq Gənclər Günü ilə bağlı silsilə tədbirlərin, festivalın keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı. Bildirdi ki, təhsil, idman, mədəniyyət və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə diqqət və qayğısının nəticəsidir. Hər il bir neçə gənc yazar Prezident təqaüdünə layiq görülür. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı, gənc şair Elşad Ərşadoğlu, gənc yazar Pərvin Nurəliyeva çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə gənc yazarlar öz yaradıcılıq nümunələrini təqdim etdilər, fikir mübadiləsi aparıldı.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar