Milli Kitabxanada “Multikulturalizm ili”nə həsr olunmuş sərgi

Fevralın 9-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm ili”nə həsr olunmuş “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisinin açılış mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırdı, bunun Azərbaycandan dünyaya ünvanlanan sülh, anlaşma, tolerantlıq mesajı olduğunu vurğuladı: “Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin tarixi çox qədimdir. Ölkəmizdə tarix boyu müxtəlif xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayıblar. Tarixdən gələn bu münasibətlər ölkəmizdə müxtəlif xalqlara mənsub insanların birgəyaşayış şəraitində, həyat tərzində öz əksini tapmışdır. Azərbaycanda azsaylı xalqlara, onların milli mənəvi dəyərlərinə, adətlərinə hörmətlə yanaşılır. Onların öz mədəniyyətlərini qoruyub inkişaf etdirmələri üçün müxtəlif tədbirlər və festivallar keçirilir”.
Direktor sərginin ilin sonunadək davam edəcəyini bildirdi. Qeyd etdi ki, Milli Kitabxanada Azərbaycanın multikulturalizm tarixinə həsr olunmuş guşə də yaradılacaq. İl ərzində müxtəlif təşkilat və nəşriyyatlar tərəfindən bu səpkidə dərc edilən bütün materiallar guşədə nümayiş olunacaq. Direktor kitabxana tərəfindən multikulturalizmə həsr olunan vəsaitin hazırlandığını da diqqətə çatdırdı.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Nəşriyyat sektorunun müdiri Aslan Cəfərov bildirdi ki, ölkəmizdə müxtəlif millətlərin milli mənəvi dəyərləri qorunur, təbliğ edilir. Sektor müdiri “Multikulturalizm Azərbaycanın həyat tərzidir” sərgisinin “Multikulturalizm ili”nə böyük töhfə olduğunu vurğuladı, bu kontekstdə çeşidli tədbirlərin, sərgi və görüşlərin keçiriləcəyini dedi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə mərkəzin təşəbbüsü ilə ölkəmizdə və xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan multikulturalizmi sözünün arxasında çox böyük mədəniyyət, ədəbiyyat və tarix dayanır. Multikulturalizm özündə fərqli düşüncələrə, inanclara sahib etnik, dini qrupların və fərqli mədəniyyət daşıyıcılarının bir yerdə, eyni dövlətin ərazisində yaşayaraq bir-birini zənginləşdirməsini, sülh şəraitində yaşamasını, bu sahədə dövlət siyasətini ehtiva edir.
Qeyd olundu ki, Azərbaycan multikulaturalizmi dünya modelləri arasında xüsusi yer tutur. Ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqları çox zəngindir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab da çap olunub.
Sonda tədbir iştirakçıları sərgiyə baxdılar.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar