Respublika elmi-praktik konfransında “Sənət akademiyası” jurnalının ilk sayı təqdim olundu
Fevralın 9-da Bakı Xoreoqrafiya Akademiyasında «Xoreoqrafiya sənətinin aktual problemləri» mövzusunda I respublika elmi-praktik konfransı keçirildi və «Sənət akademiyası» elmi-nəzəri jurnalının təqdimatı oldu.
Konfransı giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev 2014-cü ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış akademiyada artıq ikinci dəfə respublika səviyyəli belə bir elmi məclisin keçirildiyini dedi. Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətimizin inkişafı və dünyada təbliği üçün gördüyü işlərdən bəhs edən rektor zəngin tarixi olan Bakı Xoreoqrafiya Məktəbinin bazasında belə bir rəqs sənəti akademiyasının yaradılmasını yüksək qiymətləndirdi. T.Əfəndiyev onu da diqqətə çatdırdı ki, bu günlərdə Bakı Xoreoqrafiya Akademiyası Avropa İncəsənət İnstitutları Liqasının üzvü seçilib.
Akademiyadakı tədris prosesi barədə məlumat verən rektor söylədi ki, Bolonya sistemi ilə çoxpilləli təhsil sisteminə keçmiş bu tədris ocağı artıq MDB-də rəqs və balet sənətini tədris edən dörd ali sənət məktəbi ilə qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalayıb. Vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayev yeni yaranmış sənət akademiyasına daim qayğı göstərir. İndi əsas məqsəd çoxpilləli təhsil sistemi ilə yanaşı, Azərbaycanda rəqs sənətinin tarixinə və müxtəlif nəzəri aspektlərinə həsr olunmuş tədqiqatlara başlamaq, elmi araşdırmaları sistemləşdirmək, tədris proqramlarını yaratmaqdır. Düzdür, yeni yaranmış akademiya bir sıra, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı problemlərlə qarşılaşıb. Lakin əsas problem bu günədək ölkədə rəqs sənətinin sistemli araşdırılmaması, bu sahədə tədqiqatların, kitab və monoqrafiyaların çox az olmasıdır.
Tədris ocağının “Sənət akademiyası” elmi-nəzəri jurnalı da bu boşluğu doldurmaq məqsədilə təsis edilib. Jurnalın müxtəlif bölmələri akademiyada tədris olunan ixtisasları tam əhatə edir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd etdi ki, artıq 85 ildir ki, Azərbaycanda rəqs və balet sənəti tədris edilir. Ümumi orta, orta ixtisas və ali təhsil pillələrini özündə birləşdirən bu akademiya Qəmər Almaszadə, Leyla Vəkilova, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çimnaz Babayeva, Vladimir Pletnyov, Afaq Məlikova kimi bir çox balet və milli rəqs sənəti ulduzları yetirib. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan rəqs sənətinin inkişafına diqqət yetirib. Bu gün yeni akademiyanın yerləşdiyi bina da onun təşəbbüsü ilə 1986-cı ildə tikilib. 85 il ərzində kiçik studiyadan akademiya səviyyəli təhsil mərkəzinə çevrilmiş bu tədris müəssisəsi bu gün də ölkə rəhbərliyinin diqqətindədir. Akademiyanın müəllimlərinə fəxri adların verilməsi, 7 şagirdin Prezident təqaüdünə layiq görülməsi rəqs sənətinə göstərilən qayğının bariz nümunəsidir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq üzrə elmlər doktoru Ərtegin Salamzadə artıq Azərbaycanda bütün incəsənət sahələri üzrə ali təhsil müəssisəsinin mövcudluğunu həm də dövlət müstəqilliyinin göstəricisi kimi qiymətləndirdi. Bildirdi ki, bu günədək xoreoqrafiya sənətinə dair elmi araşdırmaların sayı az olsa da, akademik təhsil verən tədris müəssisəsinin yaranması və “Sənət akademiyası” elmi-nəzəri jurnalının nəşri bu istiqamətdə axtarışlara təkan verəcək. Xoreoqrafiya sənəti üzrə elmi tədqiqatların Ali Attestasiya Komissiyasının nomenklaturasına daxil edilməsi tədqiqatçıları daha ciddi çalışmalara həvəsləndirəcək.
«Sənət akademiyası» jurnalının redaksiya heyətinin üzvü, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxışını maraqlı bir bənzətmə ilə başladı: «Allah - təbiəti, insan isə mədəniyyəti yaratdı. Hər şeyin kökündə isə ritm durur. Ən kamil ritm - insan qəlbinin döyüntüsüdür. Azərbaycan xalqının qəlbinin döyüntüsünü dünyaya çatdıran isə bizim rəqs sənətimizdir». Milli xoreoqrafiya sənətinə dair elmi ədəbiyyatın az olduğunu vurğulayan professor jurnalın fəaliyyətinin uğurlu, nəşrlərinin isə davamlı olmasını arzuladı.
Bakı Musiqi Akademiyasının prorektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə «Sənət akademiyası»nın nəşrə başlamasına sevindiyini bildirdi, milli rəqs sənətinin beynəlxalq qurumlarda təmsil və təbliğ olunmasının vacibliyini söylədi.
Sənətşünaslıq doktoru, professor Zümrüd Dadaşzadə Azərbaycanda balet sənətinə dair elmi jurnalın indiyədək olmadığına təəssüfləndiyini və «Sənət akademiyası»nın ilk sayında məqaləsinin dərc olunmasından məmnunluq duyduğunu bildirdi.
Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, «Musiqi dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq üzrə elmlər doktoru Tariyel Məmmədov, Əməkdar jurnalist Qalina Mikeladze, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli, Xalq artisti, tanınmış rəqqasə və pedaqoq Təranə Muradova jurnalın yaradıcılarını təbrik etdilər və Bakı Xoreoqrafiya Akademiyasına uğurlar arzuladılar.
Fasilədən sonra elmi-praktik konfrans işini sessiyalar üzrə davam etdirdi.
G.Mirməmməd