Şəki 2016 - Türk dünyasının mədəniyyət paytaxtı

Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib

Məlum olduğu kimi, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bununla bağlı il ərzində keçiriləcək tədbirlərin planı, “Şəki 2016” loqosu işlənib, “paytaxt” ilinin təntənəli açılışına hazırlıq görülür. Fevralın 15-də Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə nazir Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazir müavinləri və tədbirlər planının icrasına cavabdeh əməkdaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulayıb və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacibliyindən bəhs edib.
Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından danışan Əbülfəs Qarayev qeyd edib ki, il ərzində silsilə tədbirlər keçiriləcək. Nazir hər il Şəki şəhərində keçirilən müxtəlif festivalların turistlər tərəfindən maraqla qarşılandığını da diqqətə çatdırıb.
“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2016-cı il tarixli sərəncamının əhəmiyyətindən danışan nazir sərəncamın icrasını ən yüksək şəkildə təmin etməyin vacibliyini vurğulayıb.
Nazir çıxışında daha bir mühüm məsələyə toxunaraq qeyd edib ki, Şəki şəhərinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib.

Daha sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə bir əhəmiyyətli görüşün təşkili üçün təşəkkürünü bildirib. İcra başçısı qeyd edib ki, hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib. Təsadüfi deyil ki, son illər Şəkidə ənənəvi olaraq dörd beynəlxalq festival təşkil olunur. Bu tədbirlərdə çoxsaylı xarici qonaqlar da iştirak edirlər. Şəkinin tarixi-mədəni irsi və turizm potensialından yerli və xarici turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il Şəkiyə 120 min turist səfər edib.
Görüşdə tədbirlər planının bütün bəndləri üzrə müzakirələr aparılıb. Tədbirlər planında təntənəli açılış mərasimi, folklor və musiqi kollektivlərinin konserti, atüstü milli oyunlar festivalı, xalq tətbiqi sənət ustalarının və rəssamların əsərlərindən ibarət sərgi, şeir müsabiqəsi, festivallar və bağlanış mərasimi kimi tədbirlər yer alıb.
Qeyd edək ki, Şəki şəhəri TÜRKSOY Nazirlər Şurasının ötən ilin noyabrında Türkmənistanın Marı şəhərində keçirilən 33-cü toplantısında 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il Türkmənistanın Marı şəhəri “mədəniyyət paytaxtı” elan olunmuşdu.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar