Mədəniyyət və Turizm Nazirliyində ABŞ səfiri ilə görüş
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Azərbaycanın hər iki sahədə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. R.Sekuta Azərbaycanda “Amerika günləri”nin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.
Nazir Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə səfirə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu, bu ölkənin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.
Söhbət zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edən nazir Ümumdünya Turizm Təşkilatı tərəfindən “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə qəbul edildikdən sonra Ermənistanın beynəlxalq sərgilərdəki turizm stendlərində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı təbliğat aparmasının qarşısının alındığını diqqətə çatdırıb. Əbülfəs Qarayev ümidvar olduğunu bildirib ki, beynəlxalq hüquqa zidd olan belə cəhdlərin qarşısının alınmasında ABŞ tərəfindən də müvafiq köməklik göstəriləcək.