Bayram mərasiminə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib

Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı, hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ənənəvi bayram proqramı bu il də rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq.

Bu fikirləri fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıq işlərinin aparılması ilə bağlı keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dedi.
Tədbirdə nazirliyin əlaqədar şöbələrinin müdirləri, məsul əməkdaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edirdi.
Tədbirdə çıxış edən nazir müavini Ədalət Vəliyev paytaxtımızda Novruz bayramının böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planının tərtib olunduğunu, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirdi.
Qeyd etdi ki, bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib. Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək ümumxalq şənliyinə hazırlıq işləri sürətlə aparılmalıdır: “Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür”.
Ədalət Vəliyev bayram mərasiminin ümumi ssenarisi, ayrı-ayrı məqamları barədə məlumat verdi. Şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Novruz personajları Kosa və Keçəl, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.
Nazir müavini bildirdi ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.
Qeyd olundu ki, Novruz şölənində bölgələrimizin mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənət nümunələri sərgilənəcək, bayram adət-ənənələri nümayiş olunacaq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim olunacaq. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.
Vurğulandı ki, Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışması üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da mərasimdə diqqətə alınacaq. Ölkəmizdə yaşayan azsaylı xalqların adət-ənənələrini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.
Ədalət Vəliyev sonda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar