Fevralın 25-də Xətai rayon ingilis dili təmayüllü 27 saylı orta məktəbdə bu təhsil olacağının məzunu və Xocalı soyqırımının şəhidi olan Hikmət Nəzərliyə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin, Respublika Gənc Turist və Diyarşünaslıq Mərkəzinin əməkdaşları, H.Nəzərlinin ailə üzvləri iştirak ediblər. Məktəblilər soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Məktəbin direktoru Cəmilə Ramazanova, M.S.Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə və digər çıxış edənlər Xocalı faciəsi haqqında söhbət açıblar.
İştirakçılar məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş guşəyə baxıblar.
* * *
Fevralın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi tərəfindən Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Giriş sözü söyləyən muzeyin direktoru Sərdar Fərəcov Xocalı soyqırımının qan yaddaşımızın ən acı səhifəsi olduğunu vurğulayıb. Biləcəri qəsəbəsində yerləşən Xan Şuşinski adına Ağdam muğam musiqi məktəbinin və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin şagirdləri musiqi proqramı ilə çıxış ediblər. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zalları ilə tanış olublar.