Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış etməkdə davam edir. 2015-ci ildə start verilən layihə çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının təqdimatları keçirilib.
Fevralın 29-da Akademik Milli Dram Teatrında gerçəkləşən bu ilin ilk təqdimatı isə Abşeron rayonuna həsr olunmuşdu.
Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş sərgi ilə tanış oldular. Burada rayonun tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən stendlər, eləcə də rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri nümayiş olunurdu.
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi davam etdi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionların inkişafına müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində Abşeron rayonunda da yeni mədəniyyət ocaqları istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Nazir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdı, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətlərini vurğuladı.
2015-ci ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsinin əhəmiyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilir, bədii kollektivlərin və incəsənət ustalarının konsertləri keçirilir: “Layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradıb. Bugünkü tədbir layihə çərçivəsində 10-cu təqdimatdır. Bu tədbirlərin hər birində bölgələrimizin bir-birindən gözəl adət-ənənələrini, mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın müşahidə edirik”.
Abşeronun qədim tarixə malik, milli-mədəni dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrimizdən biri olduğunu deyən nazir rayonun turizm imkanlarından da söz açdı: “Abşeronun Xəzər dənizi sahilində yerləşməsi, rayon ərazisindəki palçıq vulkanları və qədim tarixi abidələr insanları cəlb edir. Əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanılması, milli mətbəxi də turizmin inkişafına öz müsbət təsirini göstərir”.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, Azərbaycanın bütün rayonları kimi, Abşeron da inkişafın yeni mərhələsini yaşayır. Bu gün regionlarda müşahidə olunan sosial-iqtisadi və mədəni inkişaf ölkə başçısının diqqət və qayğısının nəticəsidir. Son illər rayonun inkişafı ilə bağlı əhəmiyyətli yeni layihələr icra olunur. İcra başçısı Abşeronun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” seçildiyini, bununla bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd etdi. Vurğuladı ki, belə təqdimatlar hər bir regionun tarixini, irsini geniş formada nümayiş etdirməyə imkan verir.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Abşeron rayonunun müasir inkişafını, tarixi-mədəni zənginliyini əks etdirən video-çarx nümayiş olundu.
Mərasim rayonda fəaliyyət göstərən incəsənət ustalarının konsert proqramı ilə davam etdi.
Fariz Hüseynov