2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən “Türk xalqlarının müasir ədəbiyyatı” mövzusunda kitab sərgisi açılıb.

Fevralın 29-da Şəki Dövlət Dram Teatrında təşkil edilən sərginin açılışında İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, türk dünyasının UNESCO-su hesab edilən TÜRKSOY-un qardaş xalqlar arasında əlaqələri möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində səmərəli iş apardığını vurğulayıb. Diqqətə çatdırılıb ki, təşkilatın ən uğurlu layihələrindən biri də 2012-ci ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı”nın seçilməsidir. Ötən il Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında Şəki şəhəri 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Şəkinin “paytaxt” elan edilməsinin şəhərin, eyni zamanda Azərbaycanın zəngin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını vurğulayan E.Usubov bildirib ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb, ilin loqotipi təsdiq edilib. “Türk xalqlarının müasir ədəbiyyatı” adlı kitab sərgisi tədbirlər planı çərçivəsində keçirilən ilk tədbirdir.
Sərgidə müxtəlif türk xalqlarının dillərində çap olunan 500-dək kitab nümayiş olunur. Bu kitabların içərisində elmi, bədii və uşaq ədəbiyyatı var.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova mədəniyyətin insanları milliyyətindən və dinindən asılı olmayaraq birləşdirən vahid bir sahə, istiqamət olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan dövləti bu istiqaməti əsas tutaraq, mədəniyyətimizin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda təbliği və tanıdılması üçün müxtəlif layihələr, sərgilər, konfranslar təşkil edir. Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi də bu istiqamətdə aparılan uğurlu siyasətin nəticəsidir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Tədbir çərçivəsində, həmçinin Şəkinin zəngin mədəni irsinə həsr olunan “Məftun edən şəhər” adlı kitabın təqdimatı keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar