Fevralın 27-də Mədəniyyət və Turizm Nazirliyi və SİNAM MMC-nin dəstəyi ilə “GoMap.Az” onlayn naviqator portalının və “Enactus Azərbaycan” təşkilatının birgə layihəsi olan “Gənc reklam menecerləri” layihəsi çərçivəsində Sabunçu Gənclər Evində treninqlər keçirildi. Layihə gənc reklam menecerlərinin marketinq təcrübəsinin artırılması, sahibkarlarla gənclər arasında işgüzar əlaqələrin qurulması məqsədi daşıyır.
“GoMap.Az”ın layihə rəhbəri Xaqani Nəsibov portalın yaradılması və keçdiyi inkişaf yolundan danışdı. Bildirdi ki, portal 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SİNAM MMC tərəfindən hazırlanıb və 2010-cu ildə tam istifadəyə verilib. “GoMap.Az” portalının elektron xəritəsi hazırda Azərbaycan və Gürcüstan ərazisini əhatə edən və region üzrə ən böyük verilənlər bazasına malik mükəmməl elektron xəritədir. Müasir texnologiyalar əsasında hazırlanan axıcı interfeys istifadəçilərə xəritə üzərində rahat naviqasiya imkanı verir. Elektron xəritə gündəlik olaraq yenilənir.
Xaqani Nəsibov treninq barədə danışaraq bildirdi ki, layihə gənclərin innovativ şəkildə inkişafına və sosial-iqtisadi resurslardan geniş istifadəsinə yönəlib. Təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
“Enactus Azərbaycan”ın proqram meneceri Nisə Əliyeva proqram haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik çevrələri və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. Proqram üzrə milli yarışların keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşularaq 2006-cı ildən dünya kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Hazırda ölkəmizdən bu proqramda 32 universitet, 1730 tələbə iştirak edir. Dünya üzrə “Enactus” proqramına isə 50-yə yaxın ölkədən 1600-dən çox ali təhsil müəssisəsi qoşulub.
Sonra “GoMap.Az” elektron xəritə xidmətinin əməkdaşları tərəfindən treninqlər keçirildi. Treninqlərdə “Enactus Azərbaycan” təşkilatının üzvü olan 30 tələbə iştirak edirdi. Gənc reklam menecerlərinə “GoMap.Az” ilə əlaqələrin qurulması, məlumatların toplanması, ünvanların elektron xəritədə yerləşdirilməsi qaydaları öyrədildi. Həmçinin milli elektron xəritə xidmətinin təbliği, reklamın cəlb olunması, biznes dairələrinin marağının formalaşdırılması üçün mühüm amillər diqqətə çatdırıldı. Qeyd olundu ki, reklamdan əldə olunan gəlirlərin bir hissəsi tələbələrin mükafatlandırılmasına yönəldiləcək. Bu da tələbələrin gələcək iş həyatında praktiki biliklərinin artırılması ilə yanaşı, maddi durumuna da müsbət təsirini göstərmiş olacaq. Həmçinin fəal gənclərin gələcəkdə işlə təmin olunmasına da şərait yaradılacaq.
Fariz