Kitabda 16 rayonun xalça sənəti irsi əksini tapıb

Martın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimatı olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qarabağ xalçaçılıq məktəbinin tarixindən bəhs edən nəşrin əhəmiyyətindən, qədim xalçaçılıq sənətindən, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin fəaliyyətindən danışıb. Bildirilib ki, dünyada böyük şöhrət qazanan xalçaçılıq sənətimizin qədim tarixi var. Azərbaycan xalçaları bu gün də dünyanın məşhur muzeylərində saxlanılır. Ölkəmizdə bu sənətin öyrənilməsi, inkişafı və dünyada təbliği istiqamətində mühüm işlər görülür.
Akademik xalçaçılıq sənətimizin geniş miqyasda təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirib.
AMEA-nın vitse-prezidenti xalça sənətinin istehsalı, iqtisadiyyatı, tədqiqi və təbliği sahəsində “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, mərkəzin və AMEA-nın birgə layihəsi olan “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabında Qarabağ bölgəsinin 16 rayonunun 378 xalçaçılıq məntəqəsini əhatə edən ekspedisiya materialları əksini tapıb. Kitab-kataloq “Azərbaycan xalçaları bütün qrupları ilə” layihəsinin davamıdır. Burada Qarabağın tarixi inkişafı nəzərdən keçirilir, bölgədə toxunan xalçaların ümumi xarakteristikası, xalçalar, xalça tacirləri, həmçinin boyaqçılar barədə məlumatlar və fotoşəkillər təqdim olunur, toxunan əsas xalça nümunələri, onların üzərindəki elementlərin semantikasından söz açılır.
Vurğulanıb ki, professor V.Muradovun əməyinin bəhrəsi olan kitab Qarabağın, bu bölgənin xalça sənətinin və xalçaçılıq ənənələrinin sistemli şəkildə öyrənilməsi üçün qiymətli mənbədir. Burada XIX-XX əsrlərə aid 415 xovlu və xovsuz xalçanın, xalça məmulatının rəngli fotoşəkilləri Qarabağ xalçalarının texniki, bədii-üslubi rəngarəngliyini əks etdirir. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Nailə Vəlixanlıdır. Tədqiqatlar Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Tədbirdə akademiklər Teymur Bünyadov, Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixindən danışıblar. Çıxış edənlər Qarabağın xalçaçılıq tarixindən bəhs edən nəşri yüksək dəyərləndirib, qədim xalçaçılıq sənətimizin beynəlxalq səviyyədə təbliğinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, kitab milli, mədəni, elmi, tarixi və siyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Sonda V.Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar