Martın 4-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı keçirildi.

Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq layihə haqqında məlumat verdi. Bildirildi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabrında Milli Kitabxanada musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif əsasında hazırlanan layihə Petruççi Musiqi Kitabxanasının (imslp.org) saytı vasitəsilə reallaşdırılıb. Musiqi partituralarının internet kitabxanası olan bu beynəlxalq layihə 2006-cı ildən fəaliyyət göstərir.
Qısa zaman ərzində bu sayta 30 bəstəkarımızın 150-dən artıq not əsəri, 25 xalq mahnısı yerləşdirilib. Saytda həmçinin korifey ifaçılar Bülbül, Xan Şuşinski, Ağaxan Abdullayev, Rəşid Behbudov və digərlərinin ifaları da yer alır. Hər bölmədə ifa olunan musiqi və ifaçı haqqında informasiya yerləşdirilib. İnstrumental musiqi bölməsində balaban, kamança və s. milli musiqi alətləri haqqında geniş məlumat öyrənmək olar.
Kərim Tahirov layihənin hazırlanmasında yaxından köməklik göstərən Müəllif Hüquqları Agentliyinə və Bəstəkarlar İttifaqına təşəkkürünü bildirdi, Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” bölməsi haqqında məlumat verdi. Qeyd olundu ki, Milli Kitabxananın fondlarında mühafizə edilən Azərbaycan musiqisinə dair not əsərləri və nəşrlərin elektron versiyasından ibarət tam mətnlər bu bölmədə yerləşdirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev layihənin məqsədi barədə danışdı, bu işin gerçəkləşməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan musiqisinin kökü qədim dövrlərə gedib çıxır: “Qobustan qayaları üzərindəki rəqs elementləri həm də musiqi, mahnı janrının yaranmasının təcəssümüdür. Bu mənada çox böyük tarixi yol keçən musiqimiz özünün peşəkar dövrünə çatıb”.
Qədim musiqi alətlərini bərpa edən görkəmli alim, musiqiçi, mərhum Məcnun Kərimovun gördüyü işləri xatırladan nazir müavini bu zəngin irsin qorunub saxlanılması və nəsillərə ötürülməsinin vacibliyini vurğuladı. Bildirildi ki, bu gün bədnam qonşularımız Azərbaycan mədəniyyətinə göz diksələr də, belə halların qarşısı alınır. Bu işdə Müəllif Hüquqları Agentliyi də səylərini əsirgəmir.
Ədalət Vəliyev qeyd etdi ki, sovet dövründə istər kinolentlər, istərsə də musiqi əsərlərinin əksəriyyəti Moskvada toplanırdı. Bu gün Mədəniyyət və Turizm Nazirliyi həmin qramplastinka, kinolent və not əsərlərinin ölkəmizə gətirilməsi istiqamətində gərgin və ardıcıl işlər aparır. “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsi də həmin işin tərkib hissəsidir: “Layihə uzun illəri əhatə edən, davamlı bir prosesdir. Musiqinin bütün janrları, bəstəkarlarımızın bütün əsərləri bu layihədə əksini tapacaq. Teatrlarda tamaşalara yazılan musiqilərin partituraları, Musiqi Mədəniyyəti Dövlət Muzeyində və başqa ünvanlarda qorunan bütün əlyazmalar, notlar bu saytda yerləşdirilməli və gələcək nəslə ötürülməlidir. Bu işə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Ən kiçik bir material belə musiqimizin beynəlxalq aləmdə tanıdılmasına köməkdir”.
Nazir müavini son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, milli dəyər kimi qəbul edilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırdı: “Bu mənada ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq musiqi festivallarını, mədəniyyət günlərini, konsertləri göstərə bilərik. Avropada Azərbaycan musiqisinin tanıdılması sahəsində böyük layihələr həyata keçirilib. Heydər Əliyev Fondu il ərzində onlarla musiqi layihəsi reallaşdırır. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz də musiqimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər, yubiley gecələri təşkil edir, nəşrlər hazırlayırıq”.
Ədalət Vəliyev böyük musiqi xadimləri Maestro Niyazi və dünya şöhrətli müğənni Rəşid Behbudovun abidələrində işlərin sona çatmaq üzrə olduğunu da diqqətə çatdırdı.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açdılar. Layihənin təkmilləşdirilməsi üçün birgə əməkdaşlığın vacibliyi vurğulandı.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar