Gənc ustaların əl işlərindən ibarət sərgi-yarmarka keçirildi

Martın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi-yarmarka keçirildi. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “PAŞA Bank”ın dəstəyi, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdi.

Layihənin rəhbəri Nəcimə Əliyeva çıxış edərək tədbir haqqında məlumat verdi. Bildirdi ki, “Əsrlərdən gələn sənətimiz” layihəsinin əsas məqsədi unudulmaqda olan sənətin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, həmçinin regionlarda yaşayan gənclərə dəstək olmaq və məşğulluğun artırılmasına təkan verməkdən ibarətdir.
Qeyd olundu ki, ümumilikdə layihədə 120-dən artıq müxtəlif sənət növləri ilə məşğul olan gənc iştirak edib. Sərgidə 20 ustanın 400-ə yaxın əl işi nümayiş olunur: “Təəssüflə qeyd etmək lazımdır ki, bədii sənətkarlıq növü ilə məşğul olan ustalarımız barmaqla sayılır. Sənətkarlar əsrlər boyu qoruyub saxladıqları, nəsildən-nəslə ötürərək günümüzə çatdırdıqları sənət növlərinə qarşı ictimaiyyətin və gənc nəsillərin marağı azalıb. Bu layihə vasitəsilə ictimaiyyətin və gənclərin diqqətini unudulmaqda olan bəzi sənət növlərinə cəlb edirik. Bu günədək Gəncə, Şəki, İsmayıllı və Qəbələ regionlarında ustalarla görüşlər keçirilib. Bu görüşlərdə bəzi sənətkarlıq sahələrinin inkişafına mane olan məsələləri araşdırmışıq”.
Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev sərgi-yarmarkanı yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycan xalqının tarixi, mədəni irsinin kökləri qədim dövrlərə dayanır: “Bu irsin tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün Mədəniyyət və Turizm Nazirliyi olaraq bir çox layihələr həyata keçirir, eyni zamanda belə layihələrə dəstək veririk. Bundan sonra da bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik”.
Azərbaycan Tələbə Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışdılar. Vurğulandı ki, layihənin gələcək perspektivi kimi digər regionların sənətkarlarını və gənclərini də bu işə cəlb etmək və bu vəsilə ilə kiçik və orta sahibkarlığı inkişaf etdirmək nəzərdə tutulur. Gənclərin bədii sənətkarlıqla məşğul olması üçün gələcəkdə peşə ixtisasları da bu sahəyə cəlb olunacaq. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Qeyd edək ki, misgərlik, ağac üzərində oyma, parça üzərində işləmələr, şəbəkə və digər sənət növlərini özündə birləşdirən sərgidə paytaxt sakinləri regionlarda inkişaf edən sənətkarlıq nümunələri ilə tanış olmaq imkanı qazandılar. Gələcəkdə layihənin bölgələrdə də keçirilməsi planlaşdırılır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar