Foruma 190 ölkə və 40 beynəlxalq qurumun təmsilçilərinin qatılacağı gözlənilir
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının bu il aprelin 25-27-də Bakıda keçiriləcək 7-ci Qlobal Forumu ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tədbirin Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə bildirib ki, Qlobal Forum “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında baş tutacaq. Dünyanın 190-dan çox ölkəsi, o cümlədən 40-dan artıq beynəlxalq qurumdan 2000-dək nüfuzlu şəxsin iştirak edəcəyi tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul olunacağı nəzərdə tutulur.
Bildirilib ki, dünyanın diqqət mərkəzində olacaq və bir çox qlobal çağırışların ediləcəyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı təsdiqlənmək üzrədir. Proqram çərçivəsində terrorizm və ekstremizmlə mübarizə, dünyada sülhün qorunması, mədəniyyətlər və dinlərarası dialoq kimi 40-dan çox mövzunun müzakirə ediləcəyi gözlənilir. Son iki ildə dünyanı narahat edən müxtəlif məsələlərin geniş müzakirəsi ilk dəfə məhz Bakıda təşkil olunacaq.
Onun sözlərinə görə, BMT-nin baş katibi Ban Ki Moon, eləcə də bir sıra dövlətlərin başçıları və yüksək çinli nümayəndələrin Bakı forumunda iştirakı rəsmi təsdiq edilib. Terrorla mübarizə forumun əsas müzakirə mövzularından biridir. Qlobal Forumun ilk günü gənclərə həsr ediləcək. Həmin tədbirdə iştirak etmək üçün Bakıya dünyanın müxtəlif ölkələrindən gənclər gələcək.
Xatırladaq ki, Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərar 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası zamanı qəbul olunub.