Ölkəmizə gələn turistlərin, eləcə də yerli səyahət həvəskarlarının hər zaman böyük maraqla ziyarət etdikləri məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Novruz bayramı ərəfəsində (18 mart) Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə gerçəkləşən infoturun iştirakçıları da tarixin daş yaddaşı olan bu məkanı tanımaq imkanı qazandılar. Turda ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətləri və media nümayəndələri iştirak edirdi.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Qobustan qoruğunun turizm nöqteyi-nəzərindən əhəmiyyətindən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə ərazi milli qoruq elan olunub. Həmin il “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Sektor müdiri qeyd etdi ki, belə infoturların keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir.
“A La Carte travel” turizm şirkətinin rəhbəri Nəsib Usubov məlumat verdi ki, mart ayından başlayaraq hər həftənin cüt günləri buraya turlar təşkil olunur. Turların əsas məqsədi həm yerli, həm də xarici turistləri qədim insan izləri, onların yaşayışı və həyat tərzinin əks olunduğu Qobustana cəlb etməkdir.
İnfotur iştirakçıları qoruqla yaxından tanış oldular. Qeyd olundu ki, Qobustan qoruğu müasir tələblərə uyğun olaraq ziyarətçilərin səfərlərinin maraqlı keçməsi üçün müxtəlif innovativ metodlardan istifadə edir və yeni layihələr hazırlayır. Bu istiqamətdə turist və ziyarətçilər üçün teatrlaşdırılmış səhnələr və oyunlar təşkil edilir. Onlar interaktiv prosesin bilavasitə iştirakçısı olmaq imkanı əldə edirlər.
Kiçikyaşlı məktəblilər üçün “Şaman oyunu” təşkil olunur. Bu oyun vasitəsilə uşaqlar Daş dövrünün həyat tərzi ilə tanış olur, Qobustan qayalarında həkk olunmuş rəsmlərin - şaman, ovçu, ox və kaman, heyvanların Daş dövrü insanlarının həyatında nə kimi önəm daşıdığı barədə bilgilər alırlar. İnfotur iştirakçılarına ərazidə yerləşən qədim qayaüstü rəsmlər haqqında ətraflı məlumat verildi.
Sonra tur iştirakçıları qoruq ərazisində yerləşən muzeylə tanış oldular. Bildirildi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadratmetrdir. Yeni muzey binası 12 kompozisiya zalından ibarətdir. Muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq, kitabxana, fotolaboratoriya və elmi tədqiqat şöbəsi fəaliyyət göstərir.
Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün də şərait yaradılıb. Burada rəsmlərin halqavarı zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunub. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edirlər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur.
Müasir texnologiyalarla təchiz olunmuş muzeydə maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarındadır. Ziyarətçilər burada sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiyalar əldə edə bilərlər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar