Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili “Heydər Əliyev ili” elan edib

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) 2016-cı ili Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edib. Bu münasibətlə Ankarada təqdimat mərasimi keçirildi.

TÜRKSOY-un qərargahında təşkil olunan tədbirdə Türkiyənin dövlət rəsmiləri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak edirdi.
Əvvəlcə 1915-ci ilin martında Çanaqqala zəfərində canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. TDMMB-nin fəaliyyətinə həsr olunan film təqdim edildi.
Mərasimdə Türkiyənin ekologiya və şəhərsalma naziri Fatma Güldemet Sarı, Türkiyə Prezidenti Administrasiyasının baş müşaviri Yalçın Topçu, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Akif Özkal, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ramin Qurbanov və başqaları çıxış etdilər.
Heydər Əliyevin türk dünyası qarşısında xidmətlərindən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışan nazir Fatma Güldemet Sarı bildirdi ki, TDMMB-nin 2016-cı ili “Heydər Əliyev ili” elan etməsi yüksək mənəvi mahiyyətə malikdir: “Biz inanırıq ki, bu il Bakıda keçirəcəyimiz türk dünyası mühəndislik, memarlıq və şəhərsalma qurultayı gücümüzü daha da artıracaq. Bütün bu tədbirlərin nəticəsi türk xalqlarını daha yaxından bir-birinə yaxınlaşdırmaqdır. Zaman-zaman bizi bir-birimizdən ayırmağa çalışdılar. Amma artıq bir araya gəlib tarixi mirasımızı, o cümlədən memarlıq mirasımızı ortaya çıxarmağımız lazımdır. Biz köklərimizə gedərək, bu sahədə əsərlərimizi təkrar canlandıraraq bugünkü şəhər memarlığı ilə birləşdirməyə çalışırıq”.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunması və tanıdılması, görkəmli şəxsiyyətlərinin təbliği sahəsində, türk dünyasının birliyi naminə həyata keçirdiyi tarixi missiya barədə ətraflı söz açan Günay Əfəndiyeva diqqətə çatdırdı ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və ölkə xaricində maddi və qeyri-maddi irsin qorunması istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən danışdı. Bildirdi ki, rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun məqsədi də müxtəlif layihə və proqramların dəstəklənməsi yolu ilə türk xalqlarının mirasının qorunması, araşdırılması, bu sahədə fəaliyyətin təşviq edilməsidir.
G.Əfəndiyeva onu da təəssüflə bildirdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizdə mədəni irs tamamilə məhv edilib.
TDMMB-nin sədri Akif Özkal rəhbərlik etdiyi qurumun 2016-cı ili “Heydər Əliyev ili” elan etmək barədə qərarının məram və məqsədləri barədə məlumat verdi, türk dünyasının böyük oğlunun təşəbbüskarı olduğu beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışdı.
Digər çıxışlarda da Heydər Əliyevin türk dünyası qarşısında əvəzsiz xidmətlərindən bəhs edildi. “2016 - Heydər Əliyev ili” çərçivəsində Azərbaycan və Türkiyənin bir sıra şəhərlərində keçiriləcək tədbirlər barədə məlumat verildi. İlin sonunda isə Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə Türk Mədəniyyəti və İrsi Fondu Bakıda ümummilli liderin xatirəsinə həsr olunan türk dünyası mühəndislik, memarlıq və şəhərsalma qurultayını təşkil edəcək.
Çıxışlardan sonra iştirakçılar TDMMB-nin layihələrindən ibarət sərgi ilə tanış oldular. Qarşılıqlı hədiyyə və diplomlar təqdim olundu.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar