Sənət ocaqlarında Silahlı Qüvvələrimizə, cəbhədə şücaət göstərən igid hərbçilərimizə dəstək tədbirləri keçirilib

Aprelin 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib. Son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olan hərbçilərimizin və Ermənistan işğalçı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən təxribatlardan və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb.
Bildirilib ki, ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir: “Bu günlər tariximizin yeni qəhrəmanlıq səhifələri yazılır”.
Direktor vaxtilə II Dünya müharibəsində, eləcə də Qarabağ müharibəsində sənət adamlarının, teatr və kino xadimlərinin göstərdiyi vətənpərvərlikdən söz açıb. Bildirib ki, respublikamızın müxtəlif teatrlarında fəaliyyət göstərən gənc aktyorlar döyüş meydanlarında həlak olublar. Bu gün də sənət adamları torpaqlarımızın azadlığı naminə ön cəbhəyə getməyə hazırdır.
Teatrın direktoru cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan Ordusunun gücünü bir daha göstərdiyini qeyd edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır.
Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, Əməkdar artist Məsmə Aslanqızı, aktyor Anar Heybətov çıxış edərək hər an Azərbaycan əsgərinin yanında olduqlarını söyləyiblər. Çıxış edənlər şəhidliyin ən uca zirvə olduğunu, şəhidlərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildiriblər.
* * *
Azərbaycan Dövlət Musiqili Teatrında Azərbaycan Ordusuna dəstək məqsədilə tədbir keçirilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mərasimi açıq elan etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Qarabağda doğulub boya-başa çatan Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova, əslən İrəvandan olan, dədə-baba torpaqlarından didərgin düşən, tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qarabağ müharibəsi veteranı, Əməkdar artist Əzizağa Əzizov, Əməkdar artist Svetlana Bulax, teatrın gənc aktyoru Əmrah Dadaşov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizin 20 faiz ərazisini işğal edən, daima beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmən bu günlər Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab aldı. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq. Biz sülhsevər xalq olaraq bu problemin danışıqlar yolu ilə həllinə ümid etmişik. Amma ermənilər öz mənfur xislətlərindən heç zaman əl çəkməyiblər. Onlar unudublar ki, biz torpaqlarımızı müharibə yolu ilə də azad etməyə qadirik. Bu şərəfli işin öhdəsindən gəlmək üçün dövlətimizin güclü ordusu var.
* * *
Aprelin 5-də Akademik Opera və Balet Teatrında Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar yığıncaq keçirilib. Xalq artistləri Cavanşir Cəfərov, Kamilla Hüseynova, Mənsum İbrahimov, əməkdar incəsənət xadimləri Sevil Hacıyeva, Hafiz Quliyev, əməkdar artistlər Yuri Lobaçov, Əkrəm Poladov, Fərid Əliyev son hadisələrlə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, konflikti dinc yolla həll etməyə çalışan respublika rəhbərliyinin sülhsevər siyasətinə qarşı erməni tərəfi hər zaman provokasiyalarla cavab verib, müxtəlif beynəlxalq təşkilatların münaqişənin aradan qaldırılması ilə bağlı təklif və təşəbbüslərini azğınlıqla qulaq ardına vurub.
Bütün bu hərəkətlər Azərbaycan tərəfindən tez və ya gec cəzalanmalı idi. Cəbhənin bütün istiqamətlərində aparılan qızğın döyüşlər nəticəsində Azərbaycan Ordusu mühüm üstünlük əldə edib, düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnikası məhv edilib.
Çıxış edənlər yaradıcı kollektivlərdə yüksək vətənpərvərlik ruhunun hökm sürdüyünü və Ali Baş Komandanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmri ilə ehtiyac olarsa könüllü cəbhəyə yollanmağa hazır olduqlarını bildiriblər.
* * *
Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə son günlər atəşkəs rejiminin pozulması, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən bəhs olunub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov aprelin 2-nə keçən gecədən başlanan Ermənistan işğalçı qüvvələrinin təxribatına ordumuzun layiqli cavab verdiyini, ermənilərin ətraf rayonları nəzarətdə saxladıqları yüksəkliklərin şücaətli əsgərlərimiz tərəfindən azad edildiyini bildirib. Onun sözlərinə görə, xalqımız ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır.
Direktor baş verən hadisələrlə bağlı teatrın aprel ayı üçün repertuarında dəyişikliklərin edildiyini, repertuardakı komediya janrına aid olan tamaşaların vətənpərvərlik və müharibə mövzulu səhnə əsərləri ilə əvəz olunduğunu diqqətə çatdırıb.
Xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və digər çıxış edənlər baş verən hadisələrə öz mövqelərini bildirərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyiblər.
* * *
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan əsgərinə dəstək nümayiş etdirmək məqsədilə tədbir keçirilib. Kukla və “Yuğ” teatrlarının kollektivlərinin iştirak etdiyi tədbirdə son günlər döyüş zonasında və cəbhəyanı yaşayış məntəqələrində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kukla Teatrının direktoru Rəşad Əhmədzadə çıxış edərək son günlər cəbhədə baş verən hadisələrin bizi qələbəyə daha da yaxınlaşdırdığını söyləyib. Qeyd edib ki, hər birimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyirik, istənilən vaxt səfərbərliyə hazırıq.
Direktor Kukla, “Yuğ” və Pantomima teatrlarının birlikdə tədbir təşkil edərək cəbhə bölgəsində əsgərlər qarşısında çıxış etmək niyyətində olduğunu söyləyib.
“Yuğ” Teatrının direktoru Tərlan Rəsulov, Kukla Teatrının baş rejissoru Qurban Məsimov və digər çıxış edənlər bildiriblər ki, bu gün bütün dünya azərbaycanlıları Vətən naminə birləşib.
* * *
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında da cəbhədə şücaət göstərən hərbçilərimizə dəstək məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən teatrın direktoru Kazım Qasımov Azərbaycan Ordusunun aprelin 2-dən 5-dək bütün cəbhə boyu Ermənistan işğalçı qüvvələrinin təxribatlarına layiqli cavab verdiyini vurğulayıb. Bildirib ki, müzəffər ordumuz bütün xalqımızın qürur ünvanıdır. Bütün sənət adamları da Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızın azad olunmasına öz töhfələrini verməyə hazırdırlar.
Xalq artisti İlqar Muradov, əməkdar artistlər Loğman Kərimov, Aybəniz Haşımova, Salman Qəmbərov, Mircavad Cəfərov və digərləri bildiriblər ki, incəsənət xadimləri əsgərlərə mənəvi dəstək olaraq qərargahlar yaradaraq onların qarşısında çıxış edəcəklər. Natiqlər Azərbaycan Ordusunun gücünə inandıqlarını bildirib, Azərbaycan əsgərinə uğurlar diləyərək yalnız irəli getməyi arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar