Aprel 4-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında VIII Milli Uşaq Kitabı Sərgisinin açılışı oldu. 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş ənənəvi sərginin təşkilində məqsəd balaca oxucuları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsi artırmaqdır.

Tədbirə uşaq ədəbiyyatı yazarlarından Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə və “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova dəvət olunmuşdu.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Beynəlxalq Uşaq Kitabı Gününün qeyd olunmasının və bu sərginin uşaqların kitaba olan marağının artırılmasında əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Respublika Uşaq Kitabxanası olaraq bu günü hər il həvəslə qeyd edirik. Belə kitab sərgiləri uşaqlarda kitaba marağı artırmağa, kitaba sevgi hissini aşılamağa əlavə zəmin yaradır.
Yazıçı Rafiq Yusifoğlu əlamətdar günün ölkəmizdə də qeyd olunmasını yüksək qiymətləndirdi. Bildirdi ki, belə kitab sərgilərinin davamlı olması çox vacibdir: “Kitab uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, onların öz xalqının mübarizələrlə dolu zəngin tarixi keçmişinə dərindən bələd olmasına yardımçı olur”.
Daha sonra çıxış edən Sevinc Nuruqızı, Səməd Məlikzadə, Gülzar İbrahimova da bu qəbildən tədbirlərin önəmini vurğuladılar. Bildirdilər ki, gənc nəslin milli ruhda böyüməsində milli mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edən kitabların böyük rolu var.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə son dövrdə ölkəmizdə və dünyada nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 25 başlıq (“Beynəlxalq Uşaq Kitabı Günü”, “Azərbaycan - yurdum mənim”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” və s.) altında birləşdirilib.
Sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi. Sərgi aprelin 8-dək davam edəcək. Bu müddətdə müxtəlif tədbirlərin, o cümlədən uşaq ədəbiyyatı yazıçıları və şairləri ilə uşaqların görüşü təşkil olunacaq.
Qeyd edək ki, Beynəlxalq Uşaq Kitabı Gününün tarixçəsi məşhur danimarkalı uşaq yazıçısı Hans Kristian Andersenin (1805-1875) doğum günü ilə bağlıdır. 1967-ci ildən etibarən 2 aprel tarixi Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada əlamətdar gün kimi qeyd olunmağa başlayıb.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar