Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı rəsm sərgisi və dəyirmi masa

Hər il 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Prezident yanında Bilik Fondu və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə layihəsi çərçivəsində Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” rəsm studiyası şagirdlərinin “Uşaqların nağıl dünyası” adlı sərgi və “Uşaq ədəbiyyatı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa da bu qəbildən idi.

Aprelin ilk günü AMEA-nın Mərkəzi Elmi Kitabxanasına toplaşan, bahar çiçəkləri qədər gözəl və həyat eşqi ilə qəlbləri aşıb-daşan uşaqlar çox məmnun görünürdülər. Sehrli nağıllar dünyasını öz uşaq dünyalarına köçürən, hər nağılı duyğularının rəngində hiss edərək tabloda əks etdirən balacalar səbirsizliklə onların işlərinin necə qiymətləndiriləcəyini gözləyirdilər. Nəhayət, gözlənilən anlar gəlib çatdı.
Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev tədbiri açaraq əlamətdar günün Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) tərəfindən 1967-ci ildən etibarən qeyd olunduğunu bildirdi. Ölkəmizdə bu tarixin ənənəvi şəkildə qeyd edildiyini və sərginin də keçirilməsində əsas məqsədin uşaqların elmə, kitaba, rəsmə, yaradıcılığa olan meylinin artırılması olduğu vurğulandı.
Qeyd olundu ki, uşaqlar oxuduqları nağılların personajlarını rəsm əsərlərinə köçürüblər: “Eyni nağıl personajlarına müxtəlif rakurslardan yanaşaraq, hər bir uşaq öz təxəyyülünü əks etdirib. Əsərlərə baxdıqca uşaq dünyasının nə qədər rəngarəng olduğunu görürük. Bu rəsmlərdə mülayimlik, insana, təbiətə, dünyaya məhəbbət əks olunub”.
Uşaq Filarmoniyasının direktor müavini Samirə Əmiraslanova rəsm studiyasında balaca rəssamların fəaliyyətindən söhbət açdı. Bildirildi ki, 4 yaşından 16 yaşına kimi uşaqlar studiyada sənətin incəlikləri ilə tanış olurlar. Dərnəkdə uşaqların yaradıcılıq meylləri artır, onlar təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Direktor müavini tədbirin təşkilinə görə əlaqədar qurumlara təşəkkürünü bildirdi.
Sərgidə 30 şagirdin 120-dən artıq rəsm əsəri təqdim olunurdu. “Qırmızıpapaq”, “Kirpinin düz sözü”, “Üç quzu”, “Mauqli”, “Qarğa və Bülbül”, “Cırtdanın nağılı”, “Tıq-tıq xanım”, “Tülkü və Hacıleylək” və digər nağıl qəhrəmanları bu rəsmlərdə maraqlı detal və çalarlarla əks olunmuşdu. Əl işləri qiymətləndirilən balaca rəssamlar təşəkkürnamə ilə təltif olundular və onlara Bilik Fondunun hədiyyələri təqdim edildi.
* * *
Sonra tədbir “Uşaq ədəbiyyatı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa ilə davam etdi.
Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev Azərbaycanda uşaq ədəbiyyatının qarşısında duran problemlər barədə danışdı. Uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı və digərləri çıxış edərək müasir internet məkanda uşaqların ədəbiyyata məhəbbətinin artırılmasına dair yeni ideyaların işlənməsinin məqsədəuyğunluğunu ifadə etdilər. Uşaq ədəbiyyatının müasir vəziyyəti, problem və perspektivləri barədə fikirlər səsləndirildi. Dərs proqramları, sinifdənxaric oxu dərslərinin təkmilləşdirilməsi də diqqətə çatdırıldı.
Müzakirələrdə iştirak edən azyaşlılar uşaq ədəbiyyatı ilə bağlı öz fikir və təkliflərini ifadə etdilər. Uşaqların bədii-estetik zövqünün formalaşmasında uşaq ədəbiyyatı nümunələrinin rolunun vacibliyi vurğulandı. Yazarlar öz yaradıcılıqlarından nümunələr səsləndirdilər.
Sonda Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov çıxış edərək iştirakçılara təşəkkürünü bildirdi. Müzakirələr zamanı irəli sürülən maraqlı ideya və fikrilərin reallaşması üçün zəruri addımların atılacağı, ideyaların reallaşması üçün fond tərəfindən müəyyən işlərin həyata keçiriləcəyi qeyd olundu.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar