Bu gün sevimli sənət adamlarının həyat və yaradıcılığını internet vasitəsilə izləmək, onlar barədə nələrisə öyrənmək çox asanlaşıb. Üstəlik, gənclər bunu hər kəsdən qat-qat yaxşı bacarırlar. Amma üzbəüz görüşün, ekrandan, səhnədən tanıdığın məşhur insanla canlı ünsiyyətin yerini heç nə verməz.

Aprelin 5-də Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi münasibətilə keçirilən görüşə də bu sayaq tədbirlərdə alışdığımız kimi, təkcə media mənsubları, teatr və digər mədəniyyət işçiləri yox, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri dəvət edilmişdilər.
Tədbiri açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova hər kəsi salamlayaraq, görkəmli aktyoru yubiley münasibətilə təbrik etdi.
Sonra muzeyin elmi katibi Rəna Salahova yubilyarın yaradıcılığından geniş söhbət açdı. Sənətkarın teatr və televiziya tamaşalarında, filmlərdə oynadığı rollar barədə gənclərə məlumat verildikdən sonra yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirildi.
Xoş sözlər və səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Xalq artisti çıxışına başlamazdan öncə son günlər cəbhə xəttində dünyasını dəyişmiş igid oğullarımıza Allahdan rəhmət dilədi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Rafael Dadaşov tədbirə toplaşmış gənclərin suallarına cavab verdi, 40 il ərzində yaratdığı obrazları, bir sıra rollar üzərində necə çalışdığını xatırladı. Salonda quraşdırılmış ekranda aktyorun iştirak etdiyi tamaşa və filmlərdən fraqmentlərin nümayiş olunması tədbirə xüsusi rəng qatdı.
70 illik maraqlı ömür və dolğun səhnə həyatı yaşamış Xalq artisti çıxışının sonunda sabahın gənc mütəxəssislərinə ürək sözlərini bildirərək onlara çalışdıqları sahədən və peşədən asılı olmayaraq, milli mədəniyyətin daşıyıcısı olmağı, teatrı sevməyi tövsiyə etdi.
Görüşün sonunda tələbələr görkəmli aktyorla xatirə şəkli çəkdirdilər.

Gülcahan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar