Nazir Ucar rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Ucar rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayonda yerləşən bir sıra mədəniyyət müəssisələrinə baş çəkdi.
İlk olaraq Tarix-Diyarşünaslıq Muzeyinə gələn nazirə yeni inşa edilmiş muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, yeni muzey binasının açılışı 6 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa edilən, ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli bina xüsusi dizaynı ilə də diqqəti çəkir. Muzeydə təbiət, qədim dövr və müasir dövr bölmələri fəaliyyət göstərir. Burada həm ölkəmizin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün də maraq doğura biləcək 2 mindən çox eksponat var.
Əbülfəs Qarayev bildirdi ki, bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanlar əsaslı şəkildə yenilənir. Qədim tarixə və geniş turizm potensialına malik Azərbaycan üçün belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Tarixi-mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından rayonlarda yerləşən tarix-diyarşünaslıq muzeyləri böyük əhəmiyyətə malikdir. Nazir muzeyin yeni ekspozisiyasının qurulması üçün müvafiq işlərin görüləcəyini də diqqətə çatdırdı.
Sonra Əbülfəs Qarayev Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində oldu.
Kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının artırılması üçün görülən işlər haqqında geniş məlumat verildi. Nazir kitabxananın yeni nəşrlər, ixtisaslaşmış ədəbiyyatlar, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı sahələrinə aid kitablarla təmin olunacağını bildirdi.
Əbülfəs Qarayev hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verdi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar