Aprelin 25-də Bakıda dünya miqyaslı tədbir - BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işə başlayacaq. Üç gün ərzində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək Qlobal Forum indiyədək ölkəmizdə keçirilən bu qəbildən beynəlxalq tədbirlər arasında ən genişmiqyaslısıdır. Foruma bir sıra ölkələrin prezidentləri, yüksək səviyyəli hökumət rəsmiləri, nazirləri də daxil olmaqla 140-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı qatılacaq.
İştirakçılar arasında beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri yer alacaq. Forum çərçivəsində dünya gənclərinin toplantısı, həmçinin biznes simpoziumu keçiriləcək.
“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək Qlobal Forumun proqramı və müzakirə mövzuları kifayət qədər genişdir. Forum “birgəyaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək.
Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub. Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq.
2005-ci ildə Türkiyə və İspaniya baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Xose Luis Zapateronun təşəbbüsü əsasında islam və Qərb dünyası arasında qlobal dialoq məqsədilə qurulan “Mədəniyyətlər ittifaqı” hərəkatı daha sonra BMT yanında beynəlxalq təsisata çevrilib. Hazırda BMT-nin Sivilizasiyalar Alyansında 150-dən çox ölkə təmsil olunur. Azərbaycan da bu təsisatda fəal iştirak edir. Alyansın VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi barədə qərar 2014-cü ildə qəbul olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar