Qlobal Forum çərçivəsində biznes simpozium keçirildi

Aprelin 25-də Bakı Konqres Mərkəzində BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində biznes simpozium keçirildi. Simpozium “İnklüziv cəmiyyətdə birgə yaşamaq: özəl sektorun rolu və məsuliyyəti” mövzusuna həsr olunmuşdu.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, inklüziv cəmiyyətin formalaşdırılması bəşəriyyət qarşısında duran ən önəmli çağırışlardandır: “Son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır. Buna görə bu gün işinə başlayan biznes simpozium üçün “İnklüziv cəmiyyətdə birgə yaşamaq: özəl sektorun rolu və məsuliyyəti” mövzusu seçilib. Məlum olduğu kimi, inklüzivlik yoxsullar, fiziki və əqli qüsurlu şəxslər, qaçqın və məcburi köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir və maddi nemətlər əldə etmək, sosial xidmətlərdən yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə, rifahın təmin edilməsini nəzərdə tutur”.
Vurğulandı ki, inklüziv cəmiyyətlərin formalaşmasına həm hökumətlər, həm də biznes icması məsuliyyət daşıyır: “Dünya ölkələri cəmiyyətin inklüzivliyini təmin etmək üçün müxtəlif inkişaf və sosialyönlü layihələr icra edir. Belə layihələrə misal olaraq, yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda yeni iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrası, fiziki və əqli cəhətdən qüsurlu şəxslərin cəmiyyətin tamhüquqlu üzvləri kimi təhsil əldə etməsi və işlə təmin olunması, gender tarazlığının formalaşması, dini, irqi və milli fərqlərindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş layihələri qeyd etmək olar”.
Nazir qeyd etdi ki, ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş və 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinin nə qədər böyük səylər tələb etdiyini aydın anlayır. Ölkəmiz bu məqsədlərə böyük vəsaitlər yönəltməklə bərabər, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, qadınların və digər həssas qrupların rifahının yüksəlməsinə yönəlmiş layihələr icra olunub”.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirdi ki, qlobal iqtisadi problemlərin, yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində mümkün olan məsələ deyil: “Bunun üçün birlikdə mübarizə aparmalıyıq. Biz mütərəqqi inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihələr və proqramlar həyata keçirməkdədir”.
Hazırda dünyanın qaçqın böhranı ilə üzləşdiyini söyləyən ali nümayəndə qeyd etdi ki, bu, II Dünya müharibəsindən sonra ən böyük qaçqın problemidir. Bunun həlli yubanmamalı, müharibələr dayandırılmalıdır. Dünyada artan siyasi, iqtisadi problemlər universal bəşəri səviyyədə öz həllini tapmalıdır: “Biz VII Qlobal Forumda daha irəli addımlar atacağımıza əminik. Forum böyük anlaşma və əlaqə yaratmaq üçün əhəmiyyətli platformadır. Forum çərçivəsində keçirilən ideyalar yarmarkası və gənclər sərgisi buna çox gözəl nümunədir. BMT dialoqun sülh üçün gözəl vasitə olduğunu təşviq edir. Müxtəlifliyi təbliğ etmək, fikir azadlığı, bir-birini yaxından tanımaq, tolerantlıq, qarşılıqlı anlaşma, digərinə hörmət bizim BMT-də işimizin əsasını təşkil edir”.
Ali nümayəndə vurğuladı ki, BMT-nin 2025-ci ildən sonrakı İnkişaf Proqramını birlikdə reallaşdırmalıyıq. Bu işin müsbət həlli inklüziv cəmiyyətlərin formalaşmasına təkan verəcək.
Sonra tədbir panel müzakirələrlə davam etdirildi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar