Forumun yekununda Sivilizasiyalar Alyansının Məşvərət Şurasının işə başladığı elan edildi

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna aprelin 27-də yekun vuruldu.
Bakı Konqres Mərkəzində keçirilən bağlanış mərasimi bəşəriyyətin minilliklər ərzində keçdiyi tarixi inkişaf yolundan bəhs edən videofilmin təqdimatı ilə başlandı. Videofilmdə Yer üzündə yüz minlərlə insanın həyatına son qoyan müharibələr, bu gün də davam edən toqquşmalar, məcburi miqrasiya problemləri ilə yanaşı, əlamətdar hadisələr, sülhə çağırış, birgəyaşama, insana və insanlığa sevgi dolu şüarlar öz əksini tapmışdı.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirdi ki, forum işini uğurla yekunlaşdırır. Vurğuladı ki, BMT-nin Sivilizasiyalar Alyansı inklüziv cəmiyyətdə birgəyaşayışı məqsəd kimi qarşıya qoyub. Forum çərçivəsində yaxşı təcrübəni bölüşmək üçün platforma, inklüziv cəmiyyətdə birgəyaşama müzakirə olundu: “Biz burada mövcud tərəfdaşları müəyyən etdik. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşüblər. İnklüziv cəmiyyət sülhün təminatıdır. O, həmçinin məşğulluğa təminat verir, qeyri-bərabərliyi, təcridolunmanı aradan qaldırır. Biz zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları barədə müzakirələr apardıq. Gənclər, media və təhsil bizim proqrama daxil olan sənədlərdə əks olunub. Bütün bunlar zorakı ekstremizmə qarşı mübarizədə mühüm rol oynaya bilər. İnklüzivliyi bundan sonra da təşviq etməliyik”.
Ali nümayəndə bildirdi ki, forum çərçivəsində təşkil olunan plenar və bölmə iclaslarında sosial şəbəkələr, media vasitəsilə təhsildə olan boşluqların aradan qaldırılmasından danışdıq, zorakılıq və terrorizmin aradan qaldırılması barədə söhbətlər apardıq. Bu gün Avropada baş verən miqrasiya böhranı, həmçinin mətbuatdan da müəyyən öhdəlik tələb edir. Sosial təcridolunma halları bu boşluqların olması səbəbindən yaranır.
Forumda gənclərin rolundan danışan ali nümayəndə dedi: “Biz gənclərin təşəbbüslərini dəstəkləməliyik. Məhz bu bizdən bir çox prosesləri həyata keçirməyi tələb edir. Hesab edirəm ki, biz gələcəyə ümidlə baxa bilərik. Forum çərçivəsində, həmçinin gördük ki, gənclərin inkişafı inklüziv cəmiyyətlərdə daha böyük sürətlə baş verə bilər”.
Nasir Əbdüləziz Əl-Nasir Sivilizasiyalar Alyansının Məşvərət Şurasının işinin başlamasını rəsmən elan etdi. Bildirdi ki, Şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və Alyans üçün tövsiyələrlə çıxış edəcək.
Ali nümayəndə qeyd etdi ki, idmanla da insanları bir araya gətirə bilərik. İdman mühüm bir sosial inklüzivlik ahəngdarlığıdır. O, sentyabr ayında Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarına dəstəyini ifadə etdi. Bildirdi ki, noyabr ayında mədəni özünəməxsusluğa həsr edilən konfrans keçiriləcək. Daha sonra beynəlxalq idman təhlükəsizlik mərkəzi ilə razılaşma memorandumu imzalayacağıq: “Sivilizasiyalar Alyansı olaraq bir sıra təşkilatlarla əməkdaşlıq üçün razılığa gəldik. Təqaüd proqramları layihəsinin həyata keçirilməsi təşəbbüsünü də irəli sürdük”.
Nasir Əbdüləziz Əl-Nasir vurğuladı ki, bütün bu uğurlarla yanaşı, VII Qlobal Forumda qəbul edilən “Bakı bəyannaməsi” tədbirin çox önəmli hadisəsidir. O, çıxışının sonunda Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi.
Mədəniyyət və turizm naziri, VII Qlobal Forumun Təşkilat Komitəsinin rəhbəri Əbülfəs Qarayev ölkəmiz adından BMT-nin Sivilizasiyalar Alyansına Forumun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür etdi. Bildirdi ki, bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürüdür.
Forumun nəticələrindən danışan nazir qeyd etdi ki, tədbirin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin, İspaniyanın xarici işlər nazirinin çıxışlarında sülhün müdafiəsi, qlobal təhlükəsizlik üçün inklüziv cəmiyyətin inkişafının vacibliyi vurğulanıb. Forumun “Bakı bəyannaməsi” ölkəmizin gələcəkdə bir sıra mühüm layihələri reallaşdırmasına təkan verəcək.
Nazir onu da diqqətə çatdırdı ki, Qlobal Forumda 147 xarici ölkədən 1500-dən çox qonaq iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çox olub. Könüllüləri də daxil etsək, forumun işində 6 mindən çox insan iştirak edib. Tədbirə 120-dən çox yüksək səviyyəli hökumət və beynəlxalq qurum rəsmisi qatılıb.
Forum çərçivəsində üç gün ərzində ümumilikdə 41 tədbir keçirilib. Plenar və bölmə iclaslarında 168 natiqin çıxışı dinlənilib. Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclasında isə 70-dən çox rəsmi nümayəndə çıxış edib. Təşkilat Komitəsi forumla bağlı 86 mədəni tədbir təşkil edib.
Vurğuladı ki, mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” artıq qlobal status alıb və bu istiqamətdə işlər davam etdiriləcək. Azərbaycan 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.
Sonda nazir tədbirin yüksək səviyyədə təşkilində iştirak edən bütün təşkilatlara minnətdarlığını bildirdi, forumun işinin yerli və xarici media qurumları tərəfindən yüksək səviyyədə işıqlandırılmasına görə mətbuat işçilərinə təşəkkür etdi.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar