Mayın 12-də İtaliyanın Turin şəhərində 29-cu beynəlxalq kitab sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgidə ölkəmiz də təmsil olunur.
Milli ekspozisiyamız tarixi abidələrimizin təsviri olan 30 kvadratmetrlik stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş 126 adda 250-dən çox kitab sərgilənir. Nizami, Məhsəti, Füzuli, Xətai, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Elçin, Kamal Abdulla və digər ədiblərin ingilis, italyan və Azərbaycan dilində nəşr olunmuş kitabları ziyarətçilərə təqdim edilir.
Stenddə Qarabağ və Azərbaycan həqiqətlərindən bəhs edən kitablardan ibarət xüsusi guşə də yer alır. Burada Azərbaycan və Türkiyə tarixçilərinin birgə hazırladıqları, əsassız erməni iddialarını tarixi sənədlər və elmi əsaslarla ifşa edən ingilis dilində kitablar nümayiş olunur.
Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, iyun ayında Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.
Stenddə qurulmuş monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilir.
1988-ci ildən başlayaraq hər il təşkil olunan Turin kitab sərgisində bu il Avropanın bir çox ölkələri, eləcə də Kanada, Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Misir və Hindistan nəşriyyatları iştirak edir.
Sərginin ilk günü stendimizdə Azərbaycan mədəniyyəti və tarixi barədə italyan dilində nəşr edilmiş yeni kitabların geniş təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Turin beynəlxalq kitab sərgisinə ilk dəfə ötən il qatılıb. Bu il tədbirdə nazirliyin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Nəşriyyat sektorunun aparıcı məsləhətçisi Lalə Məmmədova iştirak edirlər.
Sərgi mayın 16-dək davam edəcək.