Jurnalda ölkəmizin tarixi, regionlarımızın özəllikləri və adət-ənənələrimiz haqqında məqalələr yer alır

Mayın 16-da Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə elmi-kütləvi “Yol” jurnalının 10 illik yubiley tədbiri və nəşrin fotoqrafı Emil Xəlilovun “Təbiətin çalarları” adlı fotosərgisi keçirildi.

Mərasimdə nəşrin təsisçisi Lalə Kazımova çıxış edərək on il ərzində jurnalın əhatə etdiyi mövzulardan söz açdı. Bildirdi ki, bu günə kimi jurnalın 56 nömrəsi çapdan çıxıb. Nəşrin səhifələrində yer alan elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallarda müstəqil ölkəmizin keçmişinə və bugününə işıq salınıb, Azərbaycanın tarixi, regionlarımızın özəllikləri, təbii sərvətlərimiz və adət-ənənələrimiz haqqında məqalələr işıq üzü görüb.
Rus dilində nəşr edilən jurnalda eyni zamanda görkəmli elm və mədəniyyət xadimlərimiz haqqında yazılar dərc edilib. Bununla yanaşı, nəşrdə müntəzəm olaraq xarici ölkələr və şəhərlər, onların tarixi, mədəniyyəti haqqında məqalələr yer alır. Bir məqam da əlamətdardır ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda çap olunan, dünyanın milli, mədəni müxtəlifliyinə böyük marağı ilə fərqlənən və tolerantlığa xidmət edən jurnalın yubileyi ölkəmizdə elan olunmuş “Multikulturalizm ili”nə təsadüf edir.
Lalə Kazımova jurnalın kollektivini təbrik edərək yubiley münasibətilə təşkil edilən sərgi haqqında da məlumat verdi. Bildirdi ki, nəşrin fotoqrafı Emil Xəlilov təbiətə vurğun insandır və jurnalda çalışdığı 10 il müddətində müxtəlif səpkili fotolar çəkib. Qeyd olundu ki, Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən sərgi rəssamın işlərinin bir hissəsidir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli jurnalın 10 yaşının tamam olması münasibətilə kollektivə təbriklərini çatdırdı, nəşrin yolunun qədim yurdumuz Qarabağa, Şuşaya düşəcəyi günün yaxında olduğunu söylədi.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov həmkarlarını təbrik edərək jurnalın mətbuatımızda rolundan söz açdı. Çoxmillətli ölkəmizdə rus dilində çap edilən elmi-kütləvi nəşrin mətbuatımız üçün dəyərli töhfə olduğunu bildirdi. Əflatun Amaşov Lalə Kazımovaya Mətbuat Şurasının fəxri diplomunu təqdim etdi.
Sonra tədbir iştirakçıları Emil Xəlilovun “Təbiətin çalarları” fotosərgisi ilə tanış oldular.
Təqdim olunan fotolar Azərbaycanın təbii landşaftının rəngarəngliyi və zənginliyini əks etdirir. Fotolar əsasən ölkəmizin şimalında yerləşən dağ rayonları, həmçinin Şirvan və Qobustan düzənlikləri, Talış və Kiçik Qafqaz dağlarının gözəlliyini əks etdirir. Sərgi mayın 23-dək davam edəcək.
Qeyd edək ki, 2006-cı ildən nəşr olunan “Yol” jurnalının simvolik adı onun məzmunu və əsas tematikasına uyğun olaraq çox mənaları ehtiva edir: insanın həyat yolu, adət-ənənələrin, mərasimlərin yaranma və inkişaf yolları, elmin, incəsənətin, bütövlükdə, insan sivilizasiyasının təkamülü məsələləri, insanın özünü, daxili dünyasını və ətraf mühiti dərk etməsi, daima yenilik axtarışı və s. Jurnalın ilk sayı 2006-cı ilin aprelində jurnalist və tədqiqatçı Mila Fərəcullayevanın redaktorluğu ilə işıq üzü görüb. 3-cü saydan başlayaraq jurnalın baş redaktoru filologiya üzrə elmlər doktoru Flora Nacidir.
Jurnalda elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallara geniş yer verilir, eləcə də müxtəlif ölkələr, onların tarixi, özəllikləri, mədəniyyətləri haqqında məqalələr nəşr olunur. Bütün bunlar jurnalın “Tarix”, “İrs”, “Səyahət”, “Şəhərlər”, “Həyat yolu”, “İncəsənət”, “Muzeylər”, “Kolleksiyalar”, “Tibb” və s. rubrikalarının məzmununu təşkil edir.
Jurnalın sonuncu sayında mədəniyyət, incəsənət sahəsində multikultural rəngarəngliyin ifadəsinə yönəlmiş məqalələr yer alıb. Bu məqalələrin müəllifləri əsasən öz həmvətənlərimizdir. Müəlliflər arasında məşhur jurnalistlər, müxtəlif sahələr üzrə alimlər, tarixçilər, arxeoloqlar, sənətşünaslar və digər sahələrin biliciləri var. Bir sıra məqalələrin müəllifləri xarici alim və jurnalistlərdir. Nəşrdəki əsas materialları respublikamızın regionlarına və xarici ölkələrə ekspedisiyaların nəticələri təşkil edir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar