Ədəbi-xatirə muzeylərində xatirə əşyaları, habelə şair və yazıçının yaşadığı dövrü əks etdirən materiallar mühüm yer tutur. Bu əşyalar yazıçının həyatı və fəaliyyəti ilə bilavasitə bağlı olduğu üçün emosional təsir gücünə malikdir və seyrçi tərəfindən maraqla qarşılanır, sənətkarla onun arasında canlı əlaqə yaradır, mövzu ilə bağlı bilik dairəsinin genişlənməsinə xidmət edir.
   
   Xatirə əşyaları əsasən yazıçının yaradıcılığı ilə bağlı əşyalardır. Bu sıraya onun istifadə etdiyi yazı ləvazimatı, kağız, kitablar, digər çap məhsulları, ev əşyaları, geyim şeyləri, müxtəlif məqsədlərlə istifadə etdiyi əşyalar və s. daxildir. Bəzən bu əşyalardan eləsi olur ki, özündə başqa bir görkəmli şəxsiyyətin xatirəsini də yaşadır. Avtoqraflı kitablar, dost hədiyyələri, məktublar, xatirələr, müxtəlif qeydlər bu qəbildəndir.
   Xatirə muzeyinin yaradıldıgı ev, mənzil bir vaxtlar yazıçının yaradıcılıq laboratoriyası olub. Muzeyin ekspozisiyasında yazıçının yaradıcılıq yolu dövrün ədəbi prosesi ilə paralel işıqlandırılır. Onun yaşamış olduğu ayrı-ayrı məqamlar, psixoloji anlar, müxtəlif əlaqələri məhz burada öz əksini tapır.
   Məlumdur ki, ədəbiyyat tarixinin öyrənilməsində ayrı-ayrı mənbələr əsas rol oynayır. Bu baxımdan ilk mənbə kimi muzey əşyaları da xüsusi əhəmiyyət kəsb edir. Həmin mənbələrin tədqiqata cəlb edilməsi, onların hər birinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla işlənilməsi yazıçının ömür yolu, yaradıcılığı barədə daha dəqiq faktların üzə çıxarılmasına, bəzi hallarda isə bu və ya digər tədqiqatın istiqamətinin müəyyənləşməsinə kömək edir.
   Respublikamızın xatirə muzeylərinin ekspozisiya və fondlarında ən sanballı elmi-tədqiqat işlərinin aparılmasına imkan verən materiallar qorunub-saxlanılır. Böyük şairimiz Səməd Vurğunun ev-muzeyində xatirə otaqlarına nəzər yetirək.
   Şairin iş otağı. Hər şey sadə, hər şey adi. Yazı stolu, stullar, kitablarla dolu şkaflar... Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi yarımçıq papiros qutusu, avtoqələm və ailə üzvlərinin birgə fotoşəkli qoyulub.
   İş otağında Vurğun xatirəli daha bir eksponat var - radioqəbuledici. Şair bu radioqəbuledici vasitəsilə dünyada baş verən hadisələr barədə xəbər tutub, sevdiyi musiqi əsərlərini dinləyib. O bu radioqəbulediciyə sonuncu dəfə 1956-cı ilin may ayının 12-də qulaq asıb. Həmin gün Azərbaycan Dövlət Opera və Balet Teatrında Səməd Vurğunun anadan olmasının 50 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilirdi. Ağır xəstə olan şair gecədə iştirak etmirdi. O, təntənəli yığıncağı həmin radioqəbuledici vasitəsilə dinləyib. Qələm dostlarının, ictimaiyyət nümayəndələrinin ürək sözləri ona bu radio vasitəsilə yetişib...
   Qonaq otağı... bir vaxtlar bu otaqda A.Fadeyev, N.Tixonov, V.Luqovskoy, K.Simonov, P.Antokolski, G.Leonidze, M.Hüseyn, R.Rza və başqa sənəkarlar əyləşiblər. Burada elm və mədəniyyətimizin problemləri, inkişaf yolları ilə bağlı söhbətlər, qızğın mübahisələr olub. Neçə-neçə gənc yazıçı öz əsərinin əlyazmasını bu stolun üstünə qoyub, böyük ustadın xeyirxah məsləhətlərini dinləyib, onun xeyir-duasını alıb.
   Otaqdakı royalı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun barmaqları dilləndirib, unudulmaz bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov bu royalda öz əsərlərini ifa edib, böyük Bülbülün «Sənsiz»i bu royalın müşayiəti ilə ətrafa yayılıb.
   Saz... Vurğunun sazı. Vurğun bu sazda el havalarını, qəhrəmanlıq nəğmələrini dilə gətirib.
   Azərbaycanın elə bir guşəsi yoxdur ki, şair orada olmasın. «Binələri çadır-çadır dağları», quşqonmaz qayaları, dupduru çeşmələri, «xınalı kəklikləri» görmək, yorğunluğu unutmaq, ən əsası - mehriban, qayğıkeş insanlarla görüşmək, yazmaq, yaratmaq üçün...
   Doğma diyarı öz sahibi ilə dolaşmış ov tüfəngi də buradadır. Otaqdakı saatın əqrəbləri 1956-cı il mayın 27-də saat 7.30-da saxlanılıb. Bu, şairin dünyasını dəyişdiyi vaxtı bildirir...
   C.Cabbarlının ev-muzeyi ilə tanışlıq həyətdən başlayır. Unudulmaz sənətkarın əkdiyi tut ağacı, bu ağaca sarmaşan üzüm tənəyi, habelə əncir, nar, armud ağacları əvəzsiz eksponatlardır.
   Yazıçının iş otağı... Yazı stolu, stul, qələm, eynək... Cəfər xatirəli eksponatlar... «Aydın», «Oqtay Eloğlu», «Od gəlini», «1905-ci ildə», «Almaz» kimi sənət inciləri bu yazı stolunda ərsəyə gəlib, buradan da səhnəyə və ekrana, tamaşaçıların, oxucuların qəlbinə yol tapıb, insana, Vətənə, torpağa məhəbbət hissi tərbiyə edib, öz müəllifinə şan-şöhrət gətirib.
   Bir sözlə, hər şey sahmanında, öz yerindədir. Neçə il əvvəl olduğu kimi. Təkcə Cəfər yoxdur. Yalnız onun səsi eşidilmir:
   Ay Sonası, çay gətir mənimçün,
   Qələmdaram, pay gətir
    mənimçün, - deyən səsi.
   Qonaq otağı da öz əvvəlki görkəmində saxlanılır. Buradakı piano, tar, qaval, patefon, eləcə də müxtəlif ev əşyaları yazıçının və onun ailəsinin yaşadığı şərait barədə təsəvvür yaradır. Cəfər bu tarı və pianonu dilləndirib, dostlarının ifasında mahnı və muğamlar dinləyib, patefonda sevdiyi nəğmələrə qulaq asıb. Bu nəğmələrin doğma ruhu, burada ifadə olunan pak duyğular, səmimi hisslər onun əsərlərinə köçüb, mahnı mətnlərinin yaranmasına səbəb olub...
   Muzeydəki tar yazıçının “1905-ci ildə” əsəri ilə bağlı bir əhvalatı yada salır: Cəfər əsərdə Baxşı rolunu oynayacaq aktyor S.Tağızadə üçün tar alır və bəstəkar Ə.Bədəlbəylidən xahiş edir ki, “Azad bir quşdum” mahnısını tarda ifa etməyi aktyora öyrətsin. Ə.Bədəlbəylinin zəhməti öz bəhrəsini verir və beləliklə, pyesin ən dramatik yerlərindən biri yaranır: Baxşı tar çalır, «Azad bir quşdum» kövrək duyğular oyadır...
   Yataq otağı... Yazıçının çarpayısı, paltarları... Divar saatının əqrəbləri 1934-cü il dekabrın 31-də Cəfərin dünyasını dəyişdiyi vaxtı göstərir.
   Görkəmli yazıçı Məmməd Səid Ordubadinin xatirə muzeyindəki (Bakı şəhəri) piano öz sahibi ilə birlikdə digər sənət xadimlərinin xatirəsini də yaşadır. Musiqi sənətimizin əvəzsiz simaları - Bülbül, Fikrət Əmirov, Səid Rüstəmov və başqaları Ordubadi ilə birlikdə bu piano ətrafında əyləşiblər. M.S.Ordubadinin libretto müəllifi olduğu «Beş manatlıq gəlin» (S.Rüstəmov) operettası, neçə-neçə mahnı yazıçının iştirakı ilə elə bu mənzildə ərsəyə gəlib.
   Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, publisist, Şərqdə ilk satira jurnalı «Molla Nəsrəddin»in yaradıcısı Cəlil Məmmədquluzadənin Bakı şəhərindəki ev-muzeyində sonuncu otaq sənətkarın iş otağıdır. 1920-ci illərdə «Molla Nəsrəddin» jurnalının redaksiyası da burada yerləşib. Ədibin yazı stolu, şəxsi əşyaları, «Molla Nəsrəddin»in müxtəlif sayları, digər sənədlər... Ədibə məxsus təsbehi və namaz möhürünü görən tamaşaçı (elə tədqiqatçı da) «Cəlil Məmmədquluzadə yaradıcılığında ateizm», «Molla Nəsrəddin» jurnalında ateizm məsələləri» ilə birdəfəlik vidalaşır.
   Yazı stolunu «yazıçının emalatxanası» adlandırırlar. Ədəbiyyat tarixində elə yazıçılar olub ki, ömrü boyu yalnız bir masadan istifadə edib, bütün əsərlərini məhz bir masa üzərində ərsəyə gətiriblər. Böyük yazıçı L.N.Tolstoy Yasnaya Polyanada yazıb-yaradarkən həmişə eyni masanın arxasında əyləşib. Bu gün həmin masa ədibin oradakı muzey-malikanəsinin ən qiymətli eksponatlarından sayılır.
   Görkəmli yazıçımız Abdulla Şaiqin mənzil-muzeyində nümayiş etdirilən ədibə məxsus xatirə əşyaları sırasında yazı masası da xüsusi maraq doğurur. Ədibin oğlu, akademik Kamal Talıbzadənin xatirələrində oxuyuruq: «Atamın 1906-cı ildə alınmış bir yazı masası vardır. Həmin masanı bir dəfə anam Şahzadə xanım yenisi ilə dəyişmək, otağın görkəmini təzələmək fikrinə düşdü, sərli-səliqəli arvad idi. «A kişi, təzə moda yazı masaları gəlib, gəlsənə bunu dəyişək, təzəsini alaq?» Anamın - bu nurani, mehribani insanın arzusuna əks getmək atam üçün çox ağır idi, onun hər diləyini yerinə yetirmək ona həmişə ən böyük mənəvi təsəlli olmuşdu. Ancaq bu dəfə o bir söz demədi. Səhər «Masama» adlı mənsur şeirini yazdı, hamıya oxudu, - məsələ öz-özündən həll olundu - 40 illik dostdan ayrılmaq olardımı? Vəfasızlıq ona yaraşardımı? Axı o yuxusuz gecələrinin şahidi, dərdlərinin, sevinclərinin dilmancı idi. Ədib uzun illərin dostuna - masasına müraciətlə yazırdı: «Qəlbimdə sənət eşqi hələ sönməmişdir. Bundan sonra səninlə yenə baş-başa verib mühitimdən aldığım qüvvət, eşqimdən aldığım hərarətlə yeni əsərlər yaratmaq ən böyük əməlimdir. Qırx ildir bərabər çalışırıq... Hər halda son əsərimi də sənin, ancaq sənin üzərində yazacağam».
   Qeyd edək ki, buradakı digər ev əşyalarının hər biri özündə, A.Şaiqlə yanaşı, neçə-neçə unudulmaz sənətkarın xatirəsini də yaşadır. Qonaq otağında nümayiş etdirilən stol və stullar, habelə qədim kreslo, qamış kətil ötən günlərdən xəbər verir. Bir vaxtlar bu otaqda unudulmaz sənətkarlarımız - Hüseyn Cavid, Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Mikayıl Müşfiq və başqaları Şaiqin qonağı olub, yaradıcılıq söhbətləri aparıb, duz-çörək kəsiblər. O dövrün gənc qələm sahiblərinin bəzilərinin toy məclisi də elə burada keçirilib.
   Bəli, cansız əşya yaddaşa çevrilir, neçə-neçə sənətkarın xatirəsini özündə yaşadır, gələcək nəsillərə ötürür.
   
   Adilxan Bayramov