Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən geniş ticarət əlaqələrinə malik olub. Ölkənin qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi və iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verirdi. İqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən karvan yolları üzərində tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunurdu.
Karvansaralar bugünkü mehmanxanaların funksiyasını daşıyıb
Orta əsrlərdə Azərbaycan Şərqlə Qərbin müxtəlif ölkələri ilə ticarət edirdi. Neft, duz, ipək, yun, mis qablar və xalçalar müxtəlif ölkələrə ixrac olunurdu. Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün müxtəlif bölgələrdə karvansaralar tikilirdi. Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük İpək Yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb. O dövrdə karvansaralar 2 qrupa bölünürdü -şəhər və yolüstü karvansaralar. Yolüstü karvansaralar daha çox istehkamı, qalanı xatırladırdı. Qalın divarları olan həmin karvansaraların bir qapısı vardı və gecələr bağlanırdı. Şəhər karvansaralarının isə əsasən iki qapısı olub və daha yaxın məsafələrdə yerləşirdi.
İlk karvansaralar 5-6 min il əvvəl inşa olunub
Karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində - Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərdiyi barədə tarixi məlumatlar var. Tarixi mənbələrə görə, bölgədə ilk karvansaralar e.ə. IV-III minillikdə, yəni 5-6 min il əvvəl inşa olunub. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə imperiya ərazisində əsas ticarət yollarında bir günlük yol məsafəsində karvansaralar və gözətçi dəstələri üçün məntəqələr tikilirdi.
Karvansara qalıqları - tarixin yaddaş səhifələri
Bu gün Azərbaycanın, demək olar ki, əksər bölgələrində qədim karvansaraların qalıqlarına rast gəlinir. Müxtəlif ərazilərdən tapılan karvansara qalıqları eyni zamanda ərazinin tarixini öyrənməyə də imkan verir. Məsələn, Sumqayıt şəhəri ilə bağlı müxtəlif yazılı məlumatlarda VII əsrin əvvəlində Sumqayıtın ərazisindən, Sumqayıtçayın hər iki sahili boyunca karvan yollarının keçdiyi bildirilir. Ərazidə arxeoloji qazıntılar zamanı aşkar olunmuş karvansara qalıqları bu fərziyyəni təsdiq edən əhəmiyyətli mənbədir. Bakı buxtasında suyun altında qalmış Karvansara adasına əsasən belə nəticəyə gəlmək olar ki, XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bugünkündən çox aşağı olub. Bu həm də Xəzərin tarixini öyrənməyə imkan verir.
Azərbaycana köçürülən ermənilər qədim tikililərdə də məskunlaşıblar
Ermənilərin tarixi Azərbaycan torpaqlarına nə vaxt, necə köçürülməsi barədə çox yazılıb. Amma bəlkə çoxları bilmir ki, tarixin müxtəlif dövrlərində Azərbaycana köçürülən ermənilər bir müddət qədim tarixi tikililərdə - karvansaralarda məskunlaşıblar.
Azərbaycan Dövlət Arxivindəki mənbələrdən məlum olur ki, Naxçıvan şəhərində çoxlu sayda tikililər - məscid, bazar, dükan, hamam, körpü olub. Bunlardan ikisi karvansara olub. Karvansaraların birində 31 ədəd dükan, digər yarıuçuq vəziyyətdə olan karvansarada isə köçürülmüş ermənilər məskunlaşıbmış. Bu, ermənilərin bu torpaqlara sonradan gəldiklərinə dair yüzlərlə sübutlardan biridir.
Köhnə Bakının qədim karvansaraları
Quru və dəniz yollarının qovuşduğu əlverişli yerdə yerləşən, zəngin təbii sərvətləri olan Bakı orta əsrlərdə Qərblə Şərq arasında tranzit ticarət mərkəzi rolunu oynayırdı. Şəhərin əsas gəlir mənbəyi ticarət idi. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin turizmin təşkili sektorunun müdiri İlhamə Kazımova deyir ki, bölgədə ticarətin inkişafına Şirvanşahlar, şəhər hakimləri və tacirlərin özləri nəzarət edirdilər. “Karvansaralarda şəhərə gələn tacirlərin qalmaları, mallarını saxlamaları üçün hər cür şərait yaradılırdı. Tacirlər xüsusi tikililərdə - karvansaralarda yaşayırdılar. Burada onların və mallarının təhlükəsizliyi təmin olunurdu. Karvansaralar bir növ qalanı xatırladırdılar. Onların qapalı həyəti hündür lal divarla əhatə olunmuşdu və gecələr kilidlənən bir qapısı var idi. Bakı karvansaraları ticarət üçün də uyğunlaşdırılmışdı. Çox vaxt karvansaralar eyni ölkədən gələn tacirlərə xidmət edir və məhz onlar üçün tikilirdi”.
Karvansaraların yanında bu tacirlərin dini etiqadına uyğun məbədlər də inşa olunurdu. Bakıda Buxara, Pakistan, Hindistan tacirləri üçün tikilmiş karvansaralar indiyədək qalıb. Karvansaralar sovet sistemində ölkəyə gələn turistlərin səyahət etdiyi əsas məkanlardan olub. Bu gün də əcnəbi turistlər bu tikililərə maraq göstərirlər. İçərişəhərdə yerləşən karvansaraların bəziləri, restoran, mehmanxana və başqa formada fəaliyyətlə yanaşı, tarixi abidə kimi də insanların ekskursiya etdikləri yerlərdən biridir. İçərişəhərin tanınmış karvansaralarından ən çox maraq göstəriləni Qız qalasının yaxınlığında yerləşən Multani və Buxara karvansaralarıdır. Adıçəkilən abidələr «Restoran-karvansara kompleksi» adı altında fəaliyyət göstərir. Hər iki karvansara ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Ceyhun Zərbəliyev