Tarixi abidələrimiz
Qalanın tarixi ilə bağlı bir çox məqamlar hələ sirr olaraq qalır
Üzərindən əsrlər, illər keçməsinə baxmayaraq maddi mədəniyyət tariximizin ən görkəmli abidələrindən biri, Bakının simvolu sayılan Qız qalası hələ də bizlər üçün sirr olaraq qalır. Bu abidə ətrafında müxtəlif versiyalar irəli sürülsə də, onun nə zaman və hansı məqsədlərlə tikilməsi dəqiq məlum deyil.
Bəzi alimlərin qənaətinə görə, qala hərbi təyinatlı olub və Azərbaycanın şimal sərhədlərindən - Dərbənd qalasından başlanan müdafiə-istehkam tikililəri kompleksinin (Gilgilçay müdafiə istehkamı, Çıraqqala və s.) bir hissəsidir. Lakin alimlər hələ də Qız qalasının sirlərini aça bilməyiblər. Bu baxımdan abidənin mənşəyi və funksiyası ilə bağlı hələ çox tədqiqat aparılmalıdır.
Qalanın nə vaxt tikilməsi ilə bağlı da birmənalı qənaət yoxdur. Qız qalasının rəsədxana məqsədilə inşa edildiyi, qədimdə buradan göy cisimlərinin müşahidə olunduğu da bildirilir. Qalanın İslamdan öncəki dini cərəyanlarla, atəşpərəstliklə, iudaizmlə, xristianlıqla və s. nə əlaqəsi olub? Bu sual da açıq qalmaqdadır. Əslində, Qız qalasının tədqiq olunması ilə qədim tarix və sivilizasiyalar haqqında maraqlı faktlar üzə çıxa bilər.
Səmanın, göy cisimlərinin, özəlliklə Günəş şüasının müşahidəsi ta qədimdən insanları maraqlandırıb. 3000-5000 il bundan öncə Neolit və erkən Tunc dövrü insanları tərəfindən hazırlanmış əşyalara baxarkən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qədim insanlar səma hərəkətlərini izləyib və onları dini, mədəni təsəvvürlərlə birləşdiriblər.
Qız qalasını döşəməsiz başqa cür təsəvvür edərkən aydın olur ki, bu çox gözəl tikilidir və günəş, günəş şüalarının, suyun əhəmiyyətini əks etdirən və bunun qədim inanc və ənənələrlə əlaqələndirən texnoloji məharətdir. Yaxından tədqiq qalanın qədim tikilinin bünövrəsi üzərində qurulduğunu müəyyən edir. Bu onu göstərir ki, qala əvvəlki mədəni təcrübələrdən doğmuş və əsasən dini məqsədlərlə tikilmişdi.
Müdafiə istehkamı
Onu da qeyd edək ki, Qız qalası adlı abidələrə Yaxın Şərq ölkələrinin bir çoxunda təsadüf edilir. Bu ad altında tikilən qalaların əsas xüsusiyyəti onların dəniz və çay sahillərində hündür yerlərdə tikilməsidir. Abidənin müdafiə istehkamı olduğu fikrinə qarşı çıxanlar da var. Onların fikrincə, abidənin «mağzal» adlanan aşırımları (kiçik pəncərələri), orta əsrlər qalalarındakı mağzallardan tamamilə fərqlənir. Əvvəla, bunlarda yuxarıdan ox atmaq, yanacaq tullamaq üçün maillik nəzərə alınmayıb. Alimlərin bəzilərinin fikrincə, pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırır, onlar içəriyə doğru genişlənərək mağzala oxşar şəkil alırsa da, hər halda müdafiə məqsədi daşıdığı şübhəlidir. Qız qalasının qapısı üstündə, müdafiəyə daha çox ehtiyacı olan yerdə bir dənə də olsun mağzal qoyulmayıb. Abidənin daxili quruluşu da orada uzun müddət yaşamağa (qala mühasirədə qalarkən) imkan vermir. 12 metr hündürlükdən başlayaraq abidənin xarici səthi yuxarıya doğru bir-birini əvəz edən əhəng məhlulu ilə doldurulmuş ağ və qara kəmərlərlə qurşanıb. İndi həmin ağ zolaqlar çox yerdə tamamilə tökülüb və hörülüb, səthi girintili-çıxıntılı şəkil alıb. Mütəxəssislər hesab edir ki, müdafiə üçün heç bir əhəmiyyəti olmayan zolaqlara hədsiz miqdarda əhəng işlənməsi tamamilə məntiqsizdir.
Digər fərziyyəyə görə, Qız qalası atəşpərəstlik məbədi olub. Lakin bunun özü də şübhəlidir. Bildiyimiz kimi, atəşpərəst məbədində daim od yandırılıb. Abidənin üstündə od yandırmaq üçün istifadə olunduğu güman edilən dulus kəməri Qız qalasının yeddinci mərtəbəsinə kimi qalxır. Dulus kəmərinin diametri 20-30 santimetrdir. Bu kəmərlə qalxan qazı tikintinin içərisinə aparmaq və ona yaxınlaşıb od vurmaq güclü partlayışa səbəb olardı. Bəzi mütəxəssislərin versiyasına görə, Qız qalası zərdüşti daxmasıdır. Atəşpərəstlər öz ənənələrinə uyğun olaraq, daxilində xaki təriqətinə məxsus olan ölülərini aparıb sükut qüllələri adlanan xüsusi tikililərə qoyurdular. Burada vəhşi quşlar sümükləri ətdən təmizləyirdilər. Bu fərziyyəyə görə, Qız qalası damında çalağanların didib-parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Zərdüşt dininə sitayiş edənlər ölülərini bura gətirərək qalanın ortasındakı deşik vasitəsilə dartıb abidənin üstünə qaldırır və oradan quşlar meyitin ətini yedikdən sonra sümüklərini ölü sahibi toplayıb başqa yerdə torpağa basdırırmış. Lakin həmin dövrdə bu məqsədlə (“meyitxana”) tikilən daxmalar quruluş etibarı ilə Bakı Qız qalasından fərqlənib. Onları hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Qız qalası isə səkkiz mərtəbəlidir.
Qız qalasının bərpası
Bu gün Qız qalasını tədqiq edən hər hansı bir şəxs qalanın qaya süxurları üzərində inşa edildiyini müşahidə edə bilər. Həmçinin aydın olur ki, qalanın çox dəbdəbəli yuxarı hissəsi və çox sadə, hamar aşağı hissəsi var. Qalada illər boyu çox sadə bərpa işləri aparılıb və indi qala qədim və yeni tikinti işlərinin qarışığından ibarətdir. Səkkiz mərtəbənin hər biri dairəvi dəlikli günbəz ilə tamamlanır. Mərtəbələr bir-birinə divarların içində tikilən daş pilləkənlərlə birləşir. Gün işığı qalaya içəri tərəfi daha geniş olan dar pəncərəyə bənzər mağzallardan düşür. Birinci mərtəbədə qalın divarların içərisində oyuqlar var, bunlar daxili diametri 30 sm olan dulusçuluq borularıdır. İkinci mərtəbədə diametri 13.5 sm olan quyu var.
Qalanın cənub-qərb hissəsində kufi (ərəb) əlifbası ilə bunlar yazılıb: «Məsud ibn Davudun qalası». Daşların növünə və vəziyyətinə görə alimlər belə güman edirlər ki, bu kitabələr Qız qalasının divarlarına təxminən XII əsrdə bərpa işləri zamanı əlavə edilib. 1960-cı ildə qalada sonuncu dəfə bərpa işi aparılıb. Qalanın qeyri-adi forması və orijinallığı Azərbaycan alimlərinin marağına səbəb olur.
Əfsanələr
Qız qalası ilə bağlı bir çox əfsanələr var. Bir əfsanədə Bakı şəhərinin əfsanəvi banisi Xunsurun öz günahsız bacısını qalada kilidli saxlaması haqqındadır. Buna cavab olaraq qız özünü qaladan atır. Nəticədə Allah Xunsurun otaqlarını əlindən alır və onların əvəzində Xəzər dənizini yaradır.
Digər hekayələr belə qalaların zəbt edilməz olduğu ilə əlaqəlidir, məhz buna görə də qalaya «qız» qalası deyirlər. Bütün bu mif və əfsanələrə səthi yanaşmaq olmaz, çünki bəzən onlar əsl həqiqəti ortaya çıxarmağa kömək edir. Bu hekayələrdən bir çoxu gənc qızın oğurlanması və ölməsi ilə əlaqəlidir.
Rəsədxana
Qız qalasının rəsədxana olduğunu bildirənlər də var. Məsələn, tarixçi-arxeoloq Qara Əhmədova görə, rəsədxanada göy cisimləri müşahidə olunurdu. Eyni zamanda günəşin çıxmasını müşahidə etmək mümkün idi. Marağa və Təbriz rəsədxanalarında «yüksək qübbə» mövcud olub. Bu fərziyyələrin tərəfdarları Qız qalasını rəsədxananın qübbəsi, ona bitişik tikinti kompleksini isə rəsədxana kimi qəbul edirlər.
Arxeoloqlar müəyyən ediblər ki, Qız qalası iki hörgü sistemi ilə tikilib. Birinci 12 metr hündürlüyədək olan hamar hissədir. İkinci hörgü sistemi isə 12 metrdən yuxarı hissədə tətbiq edilib. Buradakı yonma daşların növbə ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzəmət verir. Diqqət yetirilsə, burada 31 (30) çıxıntı zolaqlarını asanlıqla saymaq olar. Güman etmək olar ki, bunlar bir aydakı günlərin sayını göstərir.
«Dayaq divarının» cənub və şərq tərəfindən zolaqlar sayılsa, onların sayının 24 olduğunu görmək olar. Belə müəyyənləşdirilib ki, 24 rəqəmi gecə-gündüz ərzində saatların sayıdır. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsillərin, mərtəbələrə qalxan pillələrin 12 olması isə ildəki ayların sayını göstərir. Lakin bu fərziyyələrin bir çoxunu inkar edən fakt Qız qalası divarlarının aşağı hissədə 5 metr, yuxarı hissədə isə 4 metr qalınlığında olmasıdır. Çünki rəsədxana üçün bu qalınlıqda və hündürlükdə divarlara ehtiyac yoxdur.
Səslənən fərziyyələr içində həqiqətə yaxını Qız qalasının müdafiə istehkamı olmasıdır. Qazıntılar zamanı aşkar edilən qala divarı bu fikrin doğruluğunu sübut edir. Görünür, Qız qalası ən möhtəşəm müdafiə istehkamı, ətraf ərazilərin müdafiə istehkamları sistemində baş içqala olub. Bu abidə XIX əsrin ortalarında təmirdən sonra indiki şəklə salınıb. Ondan gözətçi məntəqəsi və mayak kimi istifadə olunması daha real görünür. Qalanın tikilmə tarixi ilə də bağlı müxtəlif fikirlər irəli sürülür. Qız qalasının bünövrəsinin bizim eradan əvvəl VII əsrdə qoyulduğunu, ikinci hissəsinin isə bizim eranın XII əsrində tamamlandığını deyirlər. Bu isə onunla əsaslandırılır ki, qalanın aşağı daşları yuxarıya nisbətən köhnədir.
Göründüyü kimi, ölkəmizin ən qədim abidələrindən biri olan Qız qalasının tarixi, onun hansı məqsədlərlə tikilməsi ətrafında müxtəlif versiyalar irəli sürülməkdədir. Bu fikirlər hələlik öz təsdiqini tapmayan fərziyyələr olsa da, tikilinin hələ də açılmayan sirlərindən xəbər verir. Bu da onu göstərir ki, Qız qalasının arxeoloji baxımdan tədqiqinə doğrudan da ehtiyac var.
Mehparə