Mədəniyyətlər danışanda dünya ilkin çağlarına qayıdıb bütövləşir. Sülh və dostluq bərqərar olur. 
      
   ...Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dürüst tarixi hələ də məlum olmasa da, Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın.
   
      Üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15000 il əvvələ - paleolit dövrünə aparacaq. Bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
   Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.
   
   Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun sahəsi 4000 hektardan artıqdır. “Səma altında muzey”in əsas eksponatları Böyükdaş, Kiçikdaş və Çıngirdağ adlanan ərazilərdəki 4400-ə yaxın qayaüstü rəsmlər - petroqliflərdir. Bugünə kimi qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib.
   Dünya tarixçilərinin ümumu rəyinə görə, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilkin çağlarında yaranıb. Sadəliyinə və primitivliyinə baxmayaraq bu rəsmlər ibtidai insanın özünüifadə vasitəsi kimi olduqca qiymətlidir. Bu rəsmlərdə heyvan təsvirləri, balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən fəza cisimləri, Günəş, bürclər, əks olunub.
   
   Gələcəyə üzən qayıqlar
   
   Bir zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında yüzdən artıq qayıq təsviri var. Formasına görə, bu qayıqları üç qrupa bölürlər: xətti siluet və hörmə görünüşlü qayıqlar daha qədim qayıqlar hesab olunur. Çünki arxeoloqlar bu fikirdədirlər ki, Qobustanda qayıqların tarixi yalnız mezolit - orta daş dövründən başlayır.
   İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü və təknəşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş kölgəvari, enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir. Qamışdan və qarğıdan hazırlanmış qayıqlar isə e.ə. VII-VI minilliklərə aid edilir. Qədim insanlar bu qayıqlarla balıq ovuna çıxardılar. Böyükdaşa həkk olunmuş balıq təsvirləri bu baxımdan maraqlıdır. 29 saylı qayadakı səhnə təxminən belə oxunur: qayıq səfərdən uğurla qayıdıb. Sahildəki adamlar sevinclərini, şadyanalıqlarını rəqs edərək bildirirlər.
   Qayıq təsvirləri təkcə ovçuluğu deyil, həm də dənizçiliyin tarixi, su-nəqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. Qayıqların burun hissəsində təsvir olunan günəşin təsviri isə fəza cisimlərinə inamı, işıqlı həyatı əks etdirir. Xəzər Qobustanın qədim sakinləri üçün ümmansız, sonu görünməyən bərəkətli bir dəniz idi və günəş də hər gün onun mavi suları arasından doğurdu.
   
   Qədim insanların “Günəş saatı”
   
   Astronomların fikrincə, qədim insanlar Qobustandakı bu qayalardan Günəş rəsədxanası, yaxud “Günəş saatı” kimi istifadə edirlərmiş. Mülahizələrə görə, qədim insanlar ilin uzunluğunu da öyrənmiş, saat, ay, mövsümü rüblərlə bağlı təsəvvürə də malik olmuşlar. Qədim qobustanlılar ili hər biri 40 gündən ibarət 9 aya bölürlərmiş. Qayaüstü rəsmlərdə bunun izləri açıq-aydın hiss olunur. Bu, Neolit dövrünün ən böyük kəşflərindən sayılır.
   Astronom A.Rüstəmov qayaüstü rəsmləri tədqiq edərkən həm də onu aşkar edib ki, Qobustan qayalarında işıq-kölgə prinsipi ilə işləyən “Qnomon təqvimi” dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir.
   
   Qədim insanların incəsənət əsərləri
   
   Qazma üsulu ilə qayalar üzərinə həkk olunan qadın və kişi obrazları bəzən öz təbii böyüklüyündə təsvir olunub. Təsvirlərdə kişi rəsmləri daha çoxdur. Kişilər uca boylu, silahlı, ov ovlayan, qurub-yaradan güclü və əzmli bir qüvvə kimi təsvir və tərənnüm olunub.
   Təsvirlərdə təkrar-təkrar qadın gözəlliyi və ülviliyi ilə qarşılaşmaq mümkündür. Ana nəslinin ibtidai icma quruluşunda tayfalara başçılıq etməsi, yol göstərməsi bu təsvirlərlə təsdiqlənir. Qadınların bədəni döyülmüş şəkillərlə bəzədilib. Bəlkə də bu şəkillər geyim mədəniyyətinin otlardan, yarpaqlardan hazırlanan ən qədim nümunələridir.
   
   Tarix dərsi və ya qayalarda gizlənən tarix
   
   Ulu əcdadlarımız olan albanlar ilk sinfli cəmiyyətdə bu torpağın əsl varislərindən biri kimi şöhrət qazanmışlar. Mənbələrdə deyilir ki, eradan əvvəl I əsrdə albanlar romalılara qarşı 60 min piyada, 22 min süvari qoşun çıxarmış, böyük igidliklə vuruşmuşlar. Bizim eranın 90-cı illərində romalıların yenidən Azərbaycana hücumunu, Xəzər sahillərinə qədər gəlmələrini Qobustandakı Böyükdaşda sal qaya üzərinə həkk olunmuş latın yazısı təsdiq edir. Həmin daş kitabədən oxuyuruq: “İmperator Domisian Sezar Avqust Germanisinin dövrü, Lutsi Juli Maksim ildırım sürətli XII legion centurionu”. Bu yazıdan məlum olur ki, imperator Domisianın hakimiyyəti zamanı (eranın 81-96-cı illəri) Roma legionu Azərbaycanda olmuş, Qobustan ərazisinə qədər gəlib çıxmışdır. Çox güman ki, qədim romalılar Qobustana valeh olmuş, öz tarixlərindən də bu qeydləri daş kitabələrə həkk etmişlər. Son iki əsrdə dünyanın bir sıra ölkələrində - Afrika, Fransa, İspaniya, Orta Asiya, Sibirdə, Ağ dəniz sahillərində on minlərlə qaya təsvirlərinə təsadüf edilsə də, Qobustan qaya rəsmləri qalereya çoxəsrliyi, zənginliyi və sənətkarlıq baxımından kamilliyi ilə daha qiymətlidir.
   Dünya şöhrətli Norveç alimi və tədqiqatçısı, qədim nəqliyyat vasitəsi kimi gəmiçiliyin tarixini araşdıran Tur Heyerdal 1981-1994-cü illərdə qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfər təşkil edir. Qobustanı gəzərkən öz heyranlığını gizlədə bilmir. Qayıqlar aləminə tamaşa edərkən sevincini gizlədə bilmir. “Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs niyə sizinkilərin sorağı səkkiz minillik öncədən gəlir?” - deyə soruşur. Qayaların dibindən aparılan arxeoloji qazıntılardan aşkar edilən təsvirləri göstərəndə məşhur səyyah sevincdən əllərini qaldırır: “Bax, mən təslim. Bu qaya təsvirləri dünya mədəniyyət beşiklərindən olan beynəlnəhrdən də qədimdir. Görünür, Azərbaycan da belə qədim ocaqlardan olub. Bu yadigarlardan sonra şübhələnməyə dəyməz” - deyir.
   Dünyanın beş qitəsinin qaya təsvirləri arasında zənginliyi ilə seçilən Qobustan abidələri Dünya Mədəni İrs Siyahısına daxil edilib. Xatırladaq ki, dünyada 800 abidə bu siyahıya daxildir ki, onların da ikisi - “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Azərbaycana məxsusdur. Demək, Qobustan tək Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə məxsusdur.
   
   Təranə Vahid